Qarabağ danışıqları dalandan ÇIXACAQMI?
Azərbaycan və Ermənistan prezidentlərinin Paris və Moskva səfərlərinin ortaya çıxardığı əsas qənaət; rusiyalı politoloq: “Kremli nizamlama prosesindən sıxışdırıla bilər...” Son bir həftə Qarabağ məsələsi ətrafında müəyyən siyasi-diplomatik canlanma ilə qeydə alındı. Azərbaycan prezidenti İlham Əliyevin Fransaya, Ermənistan prezidenti Serj Sərkisyanın isə Fransa və Rusiyaya səfərləri problemi ən azından ATƏT-in Minsk Qrupunun iki həmsədr ölkəsinin diqqətinə gətirdi. Konfliktin həllində irəliləyişə yönəlik sülh danışıqlarının bərpasına ümidləri artırdı. Azərbaycan liderinin Parisə səfəri və səfər çərçivəsində fransalı həmkarı ilə görüşü, görüş çərçivəsində tərəflərin Qarabağ mövzusunda bəyanatları haqda məlumat verilib. Azərbaycanın dövlət başçısının erməni lobbisinin ən güclü olduğu ölkələrdən biri kimi Fransaya səfəri xüsusilə önəm daşıyırdı. Sərkisyan isə bəlli olduğu kimi, Fransadan sonra Rusiyaya yollanıb. Moskvada onunla rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüşün nəticəsi ilə bağlı bəyanat qəbul edilib. Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda tərəflərin qəbul edəcəyi hər hansı həll yoluna dəstək verməyə davam edəcəklərini bildirib. “Rusiya Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin qəbul edəcəyi həll yoluna istər Minsk Qrupu vasitəsilə, istərsə də İrəvan və Bakı arasında birbaşa danışıqlar çərçivəsində hər cür dəstək verməyə davam edəcək”, - deyə Kreml başçısı vurğulayıb. Göründüyü kimi, əslində Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasında prinsipial dəyişiklik yoxdur. Kreml yenə də “tərəflər razılığa gəlsin, biz qarant durmağa hazırıq” mövqeyindən çıxış edir. Moskva ilə İrəvanın münasibətlərinin səviyyəsi, işğalçı ölkənin Rusiyadan hansı asılılıqda olduğu nəzərə alınarsa, bu mövqe faktiki surətdə Kremlin problemin həllindən öz yaxasını kənara çəkmək, onun həllinə girişməkdən yayınmaq anlamını verir. Çünki indi də təcavüzkar tərəfə ən güclü təsir və təzyiq imkanı məhz Moskvaya məxsusdur. ***** Azərbaycan prezidentinin Fransa, Ermənistan prezidentinin isə Rusiya və Fransa səfərlərinin nəticələri siyasi analitiklərin də diqqət mərkəzindədədir. Məsələn, müsavat.com-un məlumatına görə, tanınmış rusiyalı politoloq, daxili və xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimçuk hesab edir ki, Dağlıq Qarabağ məsələsini müzakirə eləmək baxımından İlham Əliyevin Paris ziyarəti mühüm önəm daşıyır. “O cümlədən bu səfər rəsmi Parisin altdan-altdan yalnız Ermənistanı müdafiə etməsi barədə mövcud olan rəylər fonunda önəm kəsb edir. Bununla belə, bir sıra aparıcı Avropa dövlətləri kimi Fransanın mövqeyi də İrəvan qarşısında hansısa hipotetik geosiyasi öhdəliklər axarında yox, bilavasitə cari geosiyasi duruma müvafiq olacaq - hansı durum ki, Rusiya üçün daha da sərtləşməkdədir” , - deyə politoloq rusdilli Vesti.az saytına açıqlamasında ehtimal edib. Lakin onun sözlərinə görə, Fransa Ermənistanı atmayacaq: “Əksinə, Moskvanın hərəkətindən və ya hərəkətsizliyindən narahatlığı artdıqca Fransa Ermənistanı özünə daha da yaxınlaşdıracaq. Sadə dildə desək, Paris həm Qarabağ rıçaqından, həm də Azərbaycanla iqtisadi, sərmayə sferalarında əməkdaşlıqdan yararlanmaqla sırf öz mənafeyini güdəcək. Lakin bunu ”yeni Vaşinqton"la razılaşdırmaqla edəcək. Bu zaman Rusiyanı nizamlama prosesindən sıxışdırmağa səylər göstəriləcək". ***** “Azərbaycan prezidentinin Fransa səfəri çox müsbət çalarlarla yadda qaldı”. Bu sözləri isə axar.az-a İlham Əliyevin Fransa səfərini şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, ölkə başçısının bütün böyük iqtisadi layihələri həyata keçirən fransalı biznes qurumları ilə görüş zamanı Dağlıq Qarabağ məsələsini əsas problemlərdən biri kimi qoyması və bu fonda verdiyi bəyanatlar öz sözünü deyəcək. “Prezident İlham Əliyev Ollandla görüşdə Ermənistana qoyulacaq investisiya ilə bağlı Sərkisyanın verdiyi yalançı mesajların qarşısını aldı. Sərkisyan əvvəllər də Ollandla görüşdə Dağlıq Qarabağ istiqamətində tərəfdaşlıq müqaviləsinin imzalanmasında hər bir millətin öz müqəddəratının həll olunmasını ortaya atmışdı. Məhz Azərbaycan prezidentinin konkret bəyanatları Fransada Azərbaycanın ərazi bütövlüyünü əsas məsələ kimi ortaya qoydu - baxmayaraq ki, Olland bir müddətdən sonra prezidentlik postunu tərk edəcək. Ümumiyyətlə, müsbət haldır ki, Azərbaycan prezidenti birbaşa təmasda olduğu hər bir qurumla Qarabağ məsələsini, Ermənistanda bugünkü durumu ortaya qoydu. Hesab edirəm ki, bölgədə hökm sürən indiki gərgin vəziyyət fonunda ölkə başçısının görüş və bəyanatları Dağlıq Qarabağ münaqişəsinin çözülməsində müəyyən irəliləyişə aparacaq” - ekspert vurğulayıb.
***** Sözsüz ki, bu qəbildən görüşlər Qarabağla bağlı Ermənistanla aparılan təbliğat savaşında mühüm rol oynayır. Ən azından o səbəbə ki, beynəlxalq hüququn təsbit edilməsi xeyli dərəcədə böyük dövlətlərin, güc mərkəzləri və demokratiya paytaxtlarının iradəsindən asılıdır, nəinki beynəlxalq təşkilatların qərar-qətnamələrindən. Təəssüf ki, XXI əsrin acı reallıqlarından biri də siyasi münasibətlərdə “Güclü həmişə haqlıdır” tezisinin hələ də öz qüvvəsini saxlamasıdır. İki paytaxta edilən üç səfərin doğurduğu əsas qənaət də budur.
Məlumatlara görə, Putinlə Sərkisyan həmçinin münaqişənin həlli üçün güc tətbiq etməmək, güc işlətməyə cəhd kimi addımlardan çəkinmək üçün, habelə konfliktin ölkələrin ərazi bütövlüyü, bərabərlik və xalqların hüquqlarının tanınması prinsipləri əsasında sülh yolu ilə həll olunmasına sadiqliklərini təsdiq edib.
Analitik həmçinin, Azərbaycan prezidentinin Fransaya səfərinin Serj Sərkisyanın Rusiyaya səfəri ilə üst-üstə düşməsinə də diqqət yönəldir: “Fikrimcə, bu, məqsədli şəkildə edilməyib. Ancaq avtomatik şəkildə belə təəssürat yaranır ki, Bakı nizamlama perspektivlərinə dair cavabları bu cavabları tapmağa ümidli olduğu yerdə axtarır. Xüsusən də fevraldakı kəskinləşmədən sonrakı qarışıq situasiya fonunda - nədən sonra ki, hər hansı diplomatik aktivlik olmayıb - bu təmaslar az önəm kəsb etmir. Halbuki ötən ilin aprel hadisələrindən sonra sülh danışıqlarında fəallıq olmuşdu”.
Qeyd edək ki, prezident İlham Əliyev Fransaya martın 13-də səfər edib və Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə mühüm görüşlər keçirib. Ölkə başçısı martın 14-də isə Parisdə, Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla görüşüb. Görüşün yekununda iki ölkə arasında istisadi sahədə bir sıra sənədlər imzalanıb.