Ermənistanda yeni Qarabağ səksəkəsi -DÜŞMƏN niyə narahatdır?

Status-kvonun qalması da, dəyişməsi də işğalçıya yaxşı heç nə vəd eləmir; təcavüzkar ölkə münaqişə ətrafında yeni situasiyanın yarana biləcəyindən dolayı narahatlıq içindədir; erməni ekspert: “Rusiya Ermənistanı güzəştlərə məcbur eləmək istəyir ki, Azərbaycan Avrasiya Birliyinə qoşulsun...”

Bu günlər regionumuzla bağlı, Qarabağ məsələsinə də təsirsiz ötüşməyəcək mühüm olaylar baş verməkdədir. Söhbət ilk növbədə üç ölkə prezidentinin 8 avqust Bakı sammiti və Sankt-Peterburqda reallaşan Putin-Ərdoğan görüşündən və onların nəticələrindən gedir. Dünən isə bu görüşlərin ardınca Moskvada Putin-Sərkisyan görüşü olub. 
Əsas suallardan biri budur ki, Bakı sammiti, ardınca Putin-Ərdoğan və Putin-Sərkisyan danışıqları Dağlıq Qarabağ probleminin həll perspektivinə hansı təsirləri göstərə bilər, yaxud bu görüşlərin gedişində Qarabağla bağlı hansısa ilkin, məxfi anlaşmaların əldə olunması mümkündürmü?  
Qeyd edək ki, məsələyə düşmən Ermənistanda sərgilənən yanaşma da maraq doğurur və bu, ölkədəki daxili vəziyyəti qiymətləndirmək baxımından gərəkli ola bilər. Məsələn, erməni politoloq Stepan Qriqoryan son proseslər fonunda Ermənistan üçün pozitiv gözləntilərin olmadığı qənaətindədir. 
“Biz dəfələrlə xəbərdarlıq eləmişdik ki, hakimiyyət yanlış siyasət aparır, çünki ölkənin bütün energetik resursları, rabitə vasitələri, dəmiryolu və təhlükəsizliyini bir ölkə ilə bağlayırlar. Və bu ölkədən (Rusiyadan-red.) böyük bir asılılıq yaranır” - erməni analitik bildirib. O, rəsmi İrəvanı Rusiyanın Türkiyə ilə bağlı siyasətini də düzgün hesablaya bilməməkdə ittiham edib: “Biz həmçinin xəbərdarlıq eləmişdik ki, Rusiya öz maraqlarından çıxış edərək, öz siyasətini kəskin dəyişə və Türkiyə ilə münasibətləri yaxşılaşdıra bilər. Bu gün Moskvaya Ankara ilə əlaqələri yaxşılaşdırmaq lazımdır, ona görə ki, Rusiyanın əsas düşməni və hədəfi Avropadır, NATO-dur. Rusiya onları zəiflətmək və izolyasiyadan çıxmaq istəyir. Bu yöndə də ona Çin və Türkiyə kömək edə bilər”.
Stepanyan daha sonra deyib: “Tarixdən bilirik ki, Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması bizim üçün təhlükəlidir. Və bu gün biz bunu görürük - əsas problem kimi Qarabağ problemi müzakirə ediləcək. Biz olduqca ciddi bir problemin qarşısındayıq ki, bu da Ermənistan hakimiyyətinin siyasətinin nəticəsidir. Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişini imzalamadı və hər şeyini Rusiyaya verdi. Rusiya da başa düşür ki, Ermənistanın müqavimət göstərmək üçün imkanları yoxdur”.
Erməni ekspertə görə, Moskvaya Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması lazımdır. “Moskva İrəvanı güzəştlərə məcbur eləmək istəyir ki, Azərbaycan Avrasiya Birliyinə qoşulsun. Bu bazarlıq açıq-aşkardır, təhlükə ciddidir” - o qeyd edib. Stepanyana görə, bu üzdən Qarabağ məsələsinin həllinin süni surətdə uzadılması təhlükəlidir: “Rusiya Ermənistana təzyiq edir ki, o, birtərəfli güzəştlərə getsin. Başqa yandan, mən Ermənistanda bir çoxlarının irəli sürdüyü o tezislə razıyam ki,  status-kvo bizə sərfəli deyil və bu məsələ enində-sonunda həll olunmalıdır. Ancaq bugünkü kontekstdə yox. Bugünkü kontekstdə biz birtərəfli güzəştlərə gedə bilmərik, nədən ki, Azərbaycan - proqnoz edilməyən ölkədir və bunu zəiflik kimi qəbul edib hücum edər”.
***** 
Göründüyü kimi, işğalçı ölkənin Qarabağ məsələsində çıxılmaz və aciz durumda, daha doğrusu, girov durumda olduğunu, bütünlüklə Rusiyadan asılı olduğunu erməni analitiklər də etiraf edir. Onu da etiraf edirlər ki, belə bir duruma səbəb Ermənistanın apardığı yanlış siyasətdir, işğalçılıq siyasətidir. O da faktdır ki, bu yanlış siyasət artıq Ermənistandaxili situasiyaya birbaşa pozucu təsir göstərməkdədir. Bu situasiyanı isə ən əvvəl Moskvada diqqətlə izləməkdədirlər.
“Putini bu gün narahat edən Ermənistandakı vəziyyətdir. Çünki Serj Sərkisyanın Ermənistandakı mövqeləri getdikcə zəifləyir”. Politoloq Elxan Şahinoğlu bu qənaətdədir. Siyasi şərhçi üç gün ərzində, üç müxtəlif yerdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsinin aparıldığı görüşləri şərh edib: “Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli Bakı görüşündə daha çox ”Şimal-Cənub" nəqliyyat dəhlizindən danışılıb. Hər 3 ölkə dəmiryolu xəttinin işə düşməsində maraqlıdır. Azərbaycan prezidentinin rusiyalı həmkarı ilə ikitərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılıb. Ancaq apreldən bu yana hadisələrin inkişafı göstərir ki, münaqişənin həllinin birinci addım kimi Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması şərtdir. Bu məqsədlə Putinin Sərkisyana təsir etmək fikri, belə görünür ki, yoxdur".
Politoloq Putinin Sərkisyanla Moskvada baş tutan görüşündən də söz açıb: “Putin Moskvada Sərkisyanı İlham Əliyevlə görüşünün təfərrüatları haqqında məlumatlandıracaq. Ancaq Putini bu gün daha çox narahat edən Ermənistandakı vəziyyətdir. Çünki Serj Sərkisyanın ölkədəki mövqeləri getdikcə zəifləyir. Ermənistanın qarışa bilməsi faktoru Putini narahat edir. Moskvada belə bir şübhə var ki, Ermənistanı da kənar qüvvələr, o cümlədən ABŞ qarışdırır. Ona görə də Putin Sərkisyanla Ermənistandakı vəziyyəti müzakirə edəcək. Beləliklə, 8, 9 və 10 avqust görüşlərinin əsas iştirakçısı Vladimir Putindir. Hər üç görüşdə Qarabağla bağlı fikir mübadiləsi aparılsa da, bu, münaqişənin həllində ciddi irəliləyişə səbəb olmayacaq”.
***** 
Ancaq bir sıra təhlilçilərə görə, son görüşlər, xüsusən də Türkiyə-Rusiya münasibətlərinin təzədən isti məcraya qayıtmağa başlaması indi olmasa da, müəyyən müddət sonra Dağlıq Qarabağ probleminin həlli üçün daha yaxşı atmosfer yarada bilər. Bunun belə olub-olmayacağını isə yəqin ki, çox gözləmək lazım gəlməyəcək.  (musavat.com)






Fikirlər