Əli Həsənovun məqaləsi ingilisdilli jurnalda

Əli Həsənovun məqaləsi ingilisdilli jurnalda

Rusiyada çap olunan “Science and world” jurnalında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi məqaləsi ingilis dilində dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, məqalədə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti geniş təhlil edilir.

Müəllif məqaləsində göstərir ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.

Məqalədə hər dəfə Qarabağa dair ərazi iddialarının kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılması diqqətə çatdırılır və göstərilir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürüblər. Nəticədə 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeridib, dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb.

 

 






Fikirlər