Ermənistan parlamenti qalmaqallı qanunu qəbul etdi
Ermənistan parlamentinin bugünkü iclasında tələbələrin etirazına səbəb olan qalmaqallı qanun layihəsi birinci oxunuşda qəbul olunub. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 89, əleyhinə 9 deputat səs verib. Qanunun əleyhinə çıxanlar “Çıxış” blokunun üzvləridir. Xatirladaq ki, qanun layihəsinin qəbulu ciddi etiraz doğurmuşdu və ötən həftə İrəvan Dövlət Universitetinin tələbələri buna görə müxtəlif qurumlar qarşısında silsilə aksiyalar keçirmişdi. Hesab olunur ki, bu qanunun qəbulu fərariliyin artmasına, həmçinin gənclərin ölkəni tərk etməsinə səbəb olacaq. Ancaq göründüyü kimi, ordusunu komplektləşdirmək problemi ilə üz-üzə qalan hakimiyyət gəncləri orduya göndərməyi üstün tutdu. Qanuna görə, tələbələrin təhsilə görə orduya çağırışdan möhlət hüququ ləğv ediləcək. Yalnız hərbi sənaye komitəsi və Müdafiə Nazirliyinin sifarişi ilə ali təhsil alanlar, o cümlədən hərbi həkim ixtisasına yiyələnənlərə möhlət veriləcək. Ancaq yəhsillərini başa vurduqdan sonra onlar ixtisasları üzrə 3 illik xidmət keçməlidirlər.