Putinin “danışan dili”nin 5 RAYON anonsunun pərdəarxası

Duqin Ermənistanın bu prosesdə hansı rol oynayacağından niyə danışmır?

Kremlin ideoloqlarından sayılan Aleksandr Duqin növbəti dəfə işğal altındakı Azərbaycan ərazilərinin qaytarılması zərurətindən bəhs edən açıqlama verib ki, bu da birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, rus ekspert başa çatmaqda olan 2017-ci ildə dəfələrlə bənzər açıqlamalarla çıxış edib, çağırışlar edib, lakin bu cür mövqelər nə Kremlin, nə də İrəvanın Qarabağ siyasətində hansısa dəyişikliklərə gətirib çıxartmayıb.

Duqinin qənaətinə görə, 2018-ci il həm Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, həm də çoxqütblü dünyanın yaranmasında həlledici olmalıdır. Onun sözlərinə görə, Azərbaycan regiondakı statusunun yüksəlməsinə hazırdır: “Bunun üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. Hansı ki, qismən də olsa, Azərbaycanın özü potensialını daha qabarıq şəkildə büruzə verməsinə maneə yaradır. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni yüksəliş olacaq”. Bu fikrin müəllifi ardınca qeyd edib ki, Qarabağla bağlı nəzəri cəhətdən irəliləyiş bir il öncə baş verib: “Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması ilə bağlı qərar 2016-cı ilə hazırlanıb. Bu həllin nəzəri paradiqması münaqişə tərəflərini də, region dövlətlərini də, Qərbi də qane edir. Razılaşmaların həyata keçirilməsini, əsasən Ermənistan ləngidir. Serj Sərkisyan hər dəfə bu razılaşmanın həyata keçməsini uzadır. Rusiya Ermənistanı ata bilməz. Ermənistan bizim müttəfiqimizdir və bu, şübhə doğurmayan yanaşmadır. Lakin məsələ ondadır ki, biz öz qlobal geosiyasi maraqlarımızı da Ermənistan kimi lokal təsisata qurban verə bilmərik. Biz Ermənistanın suverenliyinin saxlanılmasına, müstəqilliyinin qorunmasına, erməni milli kimliyinin mühafizə olunmasına zəmanət veririk və bizim dövlət maraqlarımıza uyğundur”. Duqin onu da deyib ki, Ermənistan Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərində əngələ çevrilməməlidir: “Burda hər kəs başa düşməlidir ki, geosiyasətdə ərazi mübahisələrindən daha böyük məsələlər var”. 2018-ci ildə Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçiriləcəyini deyən Duqinə görə, 5 rayonun qaytarılmasının tarixi əhəmiyyəti seçki mübarizəsindən dəfələrlə önəmlidir. Onun qənaətinə görə, tənzimləmə prosesinin uzadılması vəziyyəti nəzarətdən çıxara bilər: “Bu səbəbdən də hesab edirəm ki, 2018-ci ildə Dağlıq Qarabağ ətrafındakı 5 rayon Azərbaycana qaytarılmalıdır. Əks təqdirdə, danışıqlar prosesində əldə olunan nəticələri və buna sərf olunan əməyi unutmaq lazım gələcək. Bu fakt Moskvanın Azərbaycanla gözlənilən yaxınlaşmasına, Moskva ilə Bakının Qafqazda, Xəzər bölgəsində və Yaxın Şərqdəki ortaq siyasətinə təsir göstərə biləcəyindən Rusiya üçün heç də xoş olmayacaq. Bizim münaqişənin həlli ilə bağlı təşəbbüslərimiz isə kənardan gülünc görünəcək. Buna görə də razilaşmanın reallaşmasına maksimum səy göstərməliyik”.

Rusiya prezidentinin “danışan dili” 5 rayon məsələsini yenidən ictimailəşdirməklə hansı niyyət güdüb, birmənalı demək çətindir. Amma 2018-ci seçki ilində Azərbaycan ərazilərinin qaytarılması istiqamətində Kremlin İrəvana təzyiq göstərəcəyi inandırıcı görünmür.

“Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksand Duqinin açıqlamalarına kompleks şəkildə yanaşmaq lazımdır. Yalnız 5 rayonun qaytarılması ilə bağlı məsələyə diqqət çəkəndə Duqinin nə demək istədiyi aydın olmur”.

Image result for Bu fikirləri politoloq Elçin Mirzəbəyli

Bu fikirləri politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert xatırlatdı ki, Duqin 5 rayonun qaytarılmasından sonrakı prosesi dilə gətirmir: “Sadəcə 5, rayondan danışır və bunun qarşılığında gerçəkləşəcək geosiyasi qütbün önəmini irəli çəkir. Nəzəri baxımdan, Duqinin Bakının geosiyasi rolu ilə bağlı fikirlərini və bu rolun daha da artacağı ehtimalını diqqətə çatdıran fikirlərini nəzərə alsaq, o zaman 5 rayonun qaytarılması Azərbaycan üçün olduqca əlverişli görünür. Lakin Duqin Ermənistanın bu prosesdə hansı rola sahiblənəcəyindən danışmır. Sadəcə, artıq yola düşmüş qatarda ”layiqli yer" tutacağını deyir. Yəni Duqin prosesin Azərbaycanla bağlı hissəsindən söhbət açır. O zaman vacib bir sual çıxır ortalığa: Ermənistanın “layiqli yeri” nədən ibarətdir? Bu “layiqli yer”in sərhədlərinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər 2 rayon daxildir, ya yox?"

E.Mirzəbəyli digər bir məqama da diqqət yönəltməyi vacib sayır: “Duqinin açıqlamasında Azərbaycanla yanaşı, Ermənistanla bağlı perspektiv planlar yer almadığı üçün onun fikirləri obyektiv təhlildən daha çox Azərbaycanın ictimai rəyinə yönəlmiş təbliğat xarakterli ismarış təsiri bağışlayır”. Politoloq onu da qeyd etdi ki, Duqin hələ formalaşmamış Moskva-Ankara-Tehran geosiyasi məhvərindən danışır, amma hazırda mövcud olan və bizim Qərb adlandırdığımız qlobal geosiyasi gücdən söhbət açmır: “Şübhəsiz ki, Duqinin ehtimallarında yer alan yeni geosiyasi qütbün formalaşması prosesinə Qərb əllərini aşağı sallayıb tamaşa etməyəcək. Azərbaycanın bütün strateji layihələri qərb geosiyasi qütbünün enerji təhlükəsizliyi platforması üzərində qurulub. O zaman bu layihələrin taleyi necə olacaq? Əslində Duqinin fikirləri ilə bağlı təhlil edilməsi vacib olan məqamlar çoxdur. Təəssüf ki, bu məqamların hamısını açıq şəkildə etmək, yaxud bu ətrafda müzakirə açmaq ictimai rəydə yanlış təəssüratların yer almasına səbəb ola bilər. Bu səbəbdən də belə açıqlamalara kompleks şəkildə, həm də ehtiyatla yanaşılmasının tərəfdarıyam”.

 “Yeni Müsavat”






Fikirlər