AXCP sədrinin İran açıqlaması SƏRT reaksiya doğurub
Bəs digər siyasətçilər nə düşünür? İranda baş verən etiraz aksiyaları ilə bağlı Azərbaycan müxalifəti ehtiyatlı mövqe tutub. AXCP sədri Əli Kərimlinin mövqeyi isə siyasi camiyədə birmənalı qarşılanmayıb. AXCP sədri facebookda paylaşdığı açıqlamasında ikili mövqe sərgiləyıb. Hansı tərəfi dəstəklədiyini gizlətmək üçün prosesləri ən müxtəlif istiqamətlərdə şərh etməyə çalışıb. Onun statusunda ən çox diqqətçəkən məqam isə budur: “Etiraf etmək lazımdır ki, İranda baş verənlər haqda etibarlı məlumatlar çox azdır. Hətta bir çox İran (o cümlədən Cənubi Azərbaycan) mühacir təşkilatları və İran üzrə ekspert sayılan əcnəbi alimlər də tam olaraq bu ölkədə nə baş verdiyini, etirazların arxasında hansı siyasi qüvvənin dayandığını, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini əminliklə söyləyə bilmir. Dəqiq məlumatlar az olduğundan çoxlu dezinformasiyalar yayılır. Müxtəlif, hətta bir- birini istisna edən versiyalar da irəli sürülür. Baş verənləri hakimiyyətdəki qrupların bir-birinə güc göstərmək istəyi kimi yozanlar da, etirazların gerçəkdən də sosial gərginliyə və siyasi hüquqsuzluğa xalq etirazı olduğunu müdafiə edənlər də, devrilmiş şahın tərəfdarlarının və digər fars millətçi təşkilatların dəstəklədiyi fars milli hərəkatı olduğunu iddia edənlər də var. Biz hələlik bu versiyaların heç birini istisna edə bilmərik”. AXCP sədrinin məlum mövqeyi bir çoxlarının ciddi etirazlarına səbəb olub. Onlardan biri də Avropada mühacir həyatı yaşayan tanınmış jurnalist Rövşən Ağayevdir.
Onun statusunu təqdim edirik: “AXCP sədri Əli Kərimli İran haqda məlumatın az olduğunu səbəb göstərərək bu ölkədə nə baş verdiyini əminliklə söyləyə bilməyəcəyini yazır və 7 bəndlik bir nəticə çıxarır. Bu nəticələrdən yadımda qalanı Əli bəyin İranın ”daha demokratik" olmasını arzulamasıdır. İran haqda məlumatın azlığı mənə qəribə görsənir, çünki bu bayram günləri bolluca vaxtım olsa da, İrandan gələn məlumatları izləyib çatdıra bilmirdim. Üstəlik, köhnə hesabatlara da baxmaq olar. Məsələn, “Amnesty İnternational”a görə, dünyadakı edamların 55 faizi İranın payına düşür, bu ölkənin qadın vətəndaşları dördüncü onillikdir ki, adicə geyimə görə qamçılanır, polisin, bəsicin əlində əsir-yesir olub. Hökumət şəxsi həyata aid məsələlərə görə vətəndaşı meydanda daş-qalaq belə edir. Fərdi azadlıqların olmaması nə vaxtsa partlayışa gətirməlidir - belə gec partlamasına, sadəcə, təəccüblənmək olar. Yeri gəlmişkən, Əli bəy girişdən əlavə 7 bəndlik yazısında azadlıq, insan haqları məsələsinə toxunmur. İranın daha demokratik olmasını arzulayarkən, orda bir az demokratiya olduğunu, (məsəl üçün seçkilər keçirilməsi) nəzərdə tutursa, bu seçkilərin mahiyyəti haqda köhnə bir yazımın linkini verəcəm". İstər sosial şəbəkələrdə, istərsə də mətbuat orqanlarında olsun, bu tipli qınaqlar çoxluq təşkil edir. İrandakı etiraz aksiyaları ilə bağlı Azərbaycanın tanınmış əksər siyasətçilərinin, partiya sədrlərinin mövqeləri arasında həm oxşarlıq, həm də fərqli cəhətlər yaranıb.
Məsələn, Müsavat başqanı Arif Hacılı yazıb: “Baş verənlərin bütün dünyanın diqqət mərkəzində olması təbiidir. İranın dünya düzəninə, xüsusilə regionda gedən proseslərə təsir imkanları böyükdür. Uzun sərhədimiz, ciddi iqtisadi əlaqələrimiz, ortaq dinimiz, bəzi ortaq və çox ciddi toqquşan maraqlarımız olan bu ölkədə baş verənlərlərin Azərbaycan üçün əhəmiyyəti isə misilsizdir. Dünya üzrə soydaşlarımızın əksəriyyətinin yaşadığı ölkədəki gəlişmələr, sonradan proseslərin hansı istiqamətə yönəlməsi, həm də milli təhlükəsizliyimiz baxımından çox mühümdür. İran bizim üçün nə İraq, nə Əfqanıstan, nə də Suriyadır. İranda baş verən dəyişikliklər Azərbaycana da təsir edəcək. İran isə hökmən dəyişəcək. Bu hadisələrdən sonra İran fərqli bir dövlət olacaq. Arzu edək və imkanlarımız çərçivəsində çalışaq ki, İran daha yaxşı: demokratik, dünyəvi, insan haqlarına, beynəlxalq hüquqa hörmətlə yanaşan, milli ayrıseçkilik, şovinizm siyasətindən uzaq bir dövlət olsun".
Ümid Partiyasının sədri İqbal Ağazadə: “İranda baş verən hadisələr təkcə bu ölkənin deyil, regionun və eləcə də dünyanın diqqət mərkəzindədir. İrandakı etirazları doğuran səbəblər nədir? İdeoloji dövlətlərin hamısının süqutu qaçılmazdır. Onların yerini gec-tez hüquqi dövlətlər tutacaq. Belə vəziyyət illərlə davam etsə də, insanlar avtoritar və sərt qanunlar altında uzun zaman yaşamır. Yaxın Şərqdə dini dövlətlərin mötədil, radikal, ilımlı, ənənəvi və təriqətçiliyə aid bütün “növləri və formaları” sınaqdan çıxarıldı. Qəti qənaətə gəlindi ki, din dövlətdən ayrı olmalı və dünyəvi idarəetmə hakim olmalıdır. Azad insan şüuru və fəlsəfəsi bütün mentalitet və adətləri gec-tez yıxacaq, kimsə onun qarşısında duruş gətirməyəcək. Milli dövlət adı altında pərdələnərək, öz hakimiyyətlərini quranlar hüquqi dövlət quruculuğundan qaça bilməyəcəklər. Bunu xarici dövlətlərin müdaxiləsi və təhriki hesab etmək doğru deyil, bu, həm də iqtisadi və sosial siyasətin yarıtmazlığının nəticəsidir. Geniş etirazlara bəhanə sosial - iqtisadi vəziyyət olsa da, köklü səbəb insanların mövcud rejimdə yaşamaq istəməməsidir. İranda rejim dəyişikliyi regiona və bizə də müsbət təsir göstərəcək". “Yeni Müsavat”