Ə.Amaşov Azərbaycan və İran arasında əlaqələrin inkişafında KİV-lərin rolundan danışıb
İranda səfərdə olan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan və İran arasında KİV-lərin əlaqələri mövzusunda çıxış edib. APA-nın Tehran bürosunun məlumatına görə, Ə.Amaşov İslam ölkələri arasında KİV-lərin birliyinin önəmli olduğunu vurğulayıb. “Azərbaycan və İran KİV-ləri arasında əlaqələrin inkişafına dair saziş imzalanıb. Biz gələcəkdə iki ölkə KİV-lərinin həm Azərbaycanda və həm də İranda daha aktiv fəaliyyətinin şahidi olacağıq, onlar bir-biri ilə təcrübə mübadiləsi aparacaqlar”, deyə Ə.Amaşov bildirib. Mətbuat Şurasının sədri İranda mətbuat sərgisinin keçirilməsi ilə bağlı bildirib ki, bu, dəyərli bir təcrübədir. “Azərbaycan və İran mənəvi baxımdan bir-birinə bağlı ölkələrdir, müştərək adət-ənənələrə sahibdir. Ölkələrimiz beynəlxalq qurumlarda bir-birini dəstəkləyir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri İran olub. Azərbaycan və İran arasında siyasi, iqtisadi və mədəni əlaqələr möhkəmdir. Prezident İlham Əliyevin İrana və prezident Həsən Ruhaninin Azərbaycana qarşılıqlı səfərləri zamanı bu əlaqələr daha da gücləndirilib. Bu əlaqələrin inkişafında isə KİV-lərin özünəməxsus rolu var”, deyə Ə.Amaşov bildirib.