Azərbaycan üzərindən Ermənistan iqtidarına TƏHDİD...

Son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı Rusiya ortaya konkret mövqe qoyub.

Kremlə yaxınlığı ilə bilinən Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Cocuq Mərcanlıya səfər edərək, orada Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. Duqin bundan sonra erməni mediasına verdiyi müsahibədə də bildirib ki, Rusiyanın fikrincə, təkcə Qarabağ ətrafındakı beş rayon deyil, həm də bütün Qarabağ Azərbaycanın ərazisidir.

Duqinin səsləndirdiyi fikirlər, Rusiyanın tutduğu mövqe və Ermənistana təzyiqlə bağlı Elşən Manafov Yenicag.az-a danışıb.

Aleksandr Duqinin Kremlə yaxın politoloqlardan biri olduğunu deyən Elşən Manafov bildirib ki, hətta o, Putinin Avrasiya ittifaqı ilə bağlı məlum layihəsinin MDB məkanında realizə olunması üçün irəli sürülən siyasətçilərdəndir:

“Bu mənada Duqinin bir neçə ayda Azərbaycana olan səfərləri Azərbaycanla münasibətlərə verdiyi önəmdən və əhəmiyyətdən irəli gəlir. Rusiya Azərbaycanın Cənubi Qafqazdakı məlum rolunu və imkanlarını nəzərə alır. Anlayır ki, Azərbaycansız Cənubi Qafqazla bağlı geosiyasi, geoiqtisadi layihələri heç cür realizə etmək mümkün deyil. Azərbaycansız Xəzərin hüquqi statusunu müəyyən etmək, İrana və ya Mərkəzi Asiyaya gedən yollara nəzarət etmək olmazdı”.

Duqinin son dönəmlər səsləndirdiyi fikirləri şərh edən politoloq qeyd edib ki, bir neçə il əvvəl Duqin Azərbaycan mediasına verdiyi müsahibədə rəsmi Bakını açıq-aşkar təhdid etmişdi:

“Duqin Azərbaycanı təhdid edəcək açıqlamaları o zaman verirdi ki, həmin vaxt Rusiyanın Milyarderlər İttifaqı ilə bağlı məlum layihəsi var idi. Azərbaycanda Milli Şuranın formalaşması, prezident seçkilərində onun xeyli fəallaşması bu layihə çərçivəsində həyata keçirilirdi. Duqinin o zaman Azərbaycanla bağlı sərt bəyanatları onu göstərirdi ki, Rusiya Azərbaycanla münasibətləri ikili standartlar üzərində qurur. Əsində Rusiyanın Duqini Bakıya, Patruşevi İrəvana göndərməsi Ermənistanda baş verən son olaylar baxımından da diqqəti cəlb edir. Ermənistanda xalqın etiraz aksiyaları nəticəsində hakimiyyətə gəlmiş baş nazir Paşinyan bütün hallarda qərbyönümlü siyasətçi təsiri bağışlayır. Onun Brüsseldə NATO-nun məlum sammitinə qatılması və Ermənistanın NATO ilə münasibətləri genişləndirmək istəyi birmənalıdır. Paşinyan Kremlin qəzəbinə gəlməmək üçün bəyanat verdi ki, o bu sammitə sadəcə Əfqanıstanda beynalxalq terrorçuluğa qarşı mübarizə kampaniyasında Ermənistanın mövqeyinə aydınlıq gətirmək məqsədi ilə gedib. Bu bəyanata baxmayaraq Paşinyanın NATO-nun sammitinə qatılması rəsmi Moskvanın qəzəbinə səbəb olub”.

Politoloq son dönəmlər Duqinin Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatlarla bağlı isə bunları deyib:

“Duqinin Cocuq Mərcanlıya gəlməsi və Dağlıq Qarabağın Azərbaycan ərazisidir deməsi, Ermənistana Kreml tərəfindən mesaj, təhdiddir. İlk mənada Azərbaycan ictimaiyyətinin, dövlətinin maraqlarına cavab verə biləcək bəyanatları səsləndirməklə Duqin daha çox Ermənistanda Kremlin mövqeyini sərgiləmək istəyir. Ermənistanın yeni iqtidarına anlatmaq istəyir ki, əgər Paşinyan iqtidarı Rusiyanın təsir dairəsindən qurtulmağa, Qərblə münasibətlər qurmağa cəhd edərsə, bu, Kreml tərəfindən heç də xoş qarşılanmayacaq”.






Fikirlər