Kremlin İrəvana QARABAG sürprizi – Moskvanın SƏBRİ TÜKƏNİR...
Ermənistanın inqilab dalğasında hakimiyyətə gəlmiş baş naziri Nikol Paşinyan təzə postda olmasından dünən 100 gün ötdü. Keçən 3 aydan çox müddət işğalçı ölkənin xüsusən də xarici siyasət oriyentasiyana müəyyənlik gətirməsə də, komandasını “Amerika uşaqları”ndan qurmuş Paşinyan hökuməti Qərbə bir sıra reveranslar etdi və etməyə davam edir. Yeni iqtidar buna paralel, Kremlin “ayağını” tapdayan, onun qəzəbinə səbəb olan başqa addımlar da atdı. Söhbət öncəliklə daxildə aparılan bəzi qalmaqallı həbslərdən gedir. Ələlxüsus da “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni baş katibi, Rusiyanın sadiq adamlarından olan general Yuri Xaçaturova qarşı cinayət işinin açılması və onun ev dustaqlığı edilməsi Moskvanın, yumşaq desək, xoşuna gəlmədi. Doğrudur, az sonra İrəvan Rusiyadan qorxub geri addım atdı. Həmçinin eks-prezident Robert Köçəryanı sərbəst buraxmalı oldu. Lakin görünən odur ki, Rusiya artıq Paşinyan hökumətini tam olaraq, dişinə vurub və daha onun sədaqət andlarına inanmır. Bu da o anlama gəlir ki, Kreml hər an İrəvana sürpriz edə bilər - mənfi anlamda təbii ki. Bunu şimaldan gələn ekspert rəyləri də təsdiqləyir. ***** “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq NATO və ABŞ-la çox sıx əməkdaşlıq edir”. Bu fikri Moskvadakı MDB ölkələri institutunun direktor müavini, politoloq Vladimir Yevseyev deyib (Avropa.info). Onun qənaətincə, Ermənistanın ikili oyunu rəsmi İrəvan üçün çox pis nəticələnə bilər.
“Zamanında Serj Sərkisyan iki stulda oturmağa cəhd etdi. Nikol Paşinyan isə faktiki olaraq Qərblə əməkdaşlığını aktivləşdirib. Ermənistan Avrasiya İqtisadi ittifaqının üzvü olaraq Avropa İttifaqı ilə ciddi əhəmiyyət daşımasa da, hansısa saziş imzalayır”, - deyə o narazılığını ifadə edib. Politoloqun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfirliyi Cənubi Qafqazda ən böyük səfirliyi hesab olunur: “ABŞ-ın İrəvandakı səfirliyi ərazisində iki min əsgər yerləşə bilər”. Yevseyev onu da deyib ki, Ermənistan komplementar siyasət çərçivəsində beynəlxalq aləmdə siyasətini dəyişməyə çalışır. “Serj Sərkisyan dövründə Ermənistanın Rusiyaya yönəlik siyasət vektoru Qərbə meylləndi. Paşinyan isə Qərbin stulunda əyləşmək istəyir. Buna baxmayaraq, Paşinyan Rusiyadan ucuz təbii qaz və güzəştlərlə silah və sair almaq istəyir. Həmçinin, Rusiyadan Ermənistanın müdafiəsini, Türkiyədən qorunmasının təmin olunmasını istəyir. Əgər Ermənistan Qərbin yanında olmaq istəyirsə, onda Dağlıq Qarabağda bizdən deyil, Qərbdən kömək istəsin. Qoy o zaman Qərb Ermənistanı NATO üzvü olan Türkiyədən qorusun” - rus politoloq sonda əlavə edib. ***** “Yeni Müsavat” xatırladır ki, Vladimir Yevseyev vaxtilə ermənipərəst mövqeyi ilə tanınıb. Rusiya Dövlət Dumasının komitə sədri Konstantin Zatulin, politoloq Stanislav Tarasov da Qarabağ məsələsində qərəzli yanaşma sərgiləyənlər sırasında olublar. Lakin indi həm onlar, həm də digərləri işğalçı ölkəyə, daha doğrusu, onun yeni rəhbərliyinə münasibətdə sərt mövqe sərgiləyir, vaxtaşırı Paşinyan hökumətini hətta hədələyirlər - biz hələ Aleksandr Duqin timsalında Kremlə yaxın politoloqları demirik. Bu, sözsüz ki, Rusiyanın istər rəsmi, istərsə də qeyri-rəsmi, o sırada ekspert çevrələrində İrəvana münasibətdə ötən üç ayda formalaşan ortaq yanaşmanın təzahürüdür. Bir daha aydın öldür ki, Rusiya Ermənistanın sakitcə öz təsir zonasından uzaqlaşmasına seyrçi qalmayacaq. Bu isə “iki stul”da oturmaq siyasəti aparan, əslində isə “qəlbi” yalnız Qərblə döyünən Paşinyan iqtidarı üçün şimaldan qəfil sürprizlər ola biləcəyi anlamına gəlir. “Ermənistan yeritdiyi siyasətə görə risklər generatorunu xatırladır”. Musavat.com-un məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O, Ermənistanın indiki vəziyyətdə regionda işğalçılıq siyasətini çox davam etdirə bilməyəcəyini düşünür. “Ermənistan getdikcə özü özünü zəiflədir. Bu da onun siyasətinin çox yarıtmaz, qeyri-adekvat olmasından irəli gəlir. Çünki bu ölkə artıq özünü böyük əməkdaşlıq planlarından təcrid edib. İşğalçı dövlət bununla da oyundan kənar vəziyyətdə qalaraq, onsuz da ağır olan durumunu bir qədər də dərinləşdirib”, - deyə politoloq bildirib.
Onun sözlərinə görə, Ermənistanın funksiyası təhlükə, təhdid və risklər istehsal etməkdən ibarətdir: “Ona görə də heç bir normal dövlət belə məmləkətlə münasibət qurmağa cəhd göstərməz. Belə elə bir vəziyyətdə qonşu dövlətlərin Ermənistana xüsusi mübarizə aparmasına ehtiyac yoxdur. Bu gün Azərbaycan, Türkiyə, hətta Rusiya və İranın təkcə elə Ermənistana əl uzatmaması işğalçıya qarşı ən yaxşı mübarizə üsuludur. Bir az obrazlı desək, Ermənistan dənizdə batan bir subyektə bənzəyir və yeritdiyi siyasətə görə risklər generatorunu xatırladır. Azərbaycan və digər qonşu ölkələr isə regional və beynəlxalq imtiyazların generatoru rolunu oynayırlar”. Politoloq hesab edir ki, İran da artıq Ermənistandan uzaqlaşmağa başlayacaq: “Ermənistanın Qərb meylli siyasəti İrana heç cür sərf etmir. Digər tərəfdən bu siyasətin fonunda Paşinyan və onun ətrafının Rusiyadan uzaqlaşmaqla və rus bazasını Ermənistandan xaric etməklə NATO qüvvələrinin, Qərb dövlətlərinin hərbi siyasi qüvvələrini ölkəyə gətirməsi istisna edilmir. Belə olan halda Tehran bu vəziyyətlə nəinki razılaşmayacaq, həm də buna maneçilik törədəcək, sədlər qoyacaq. Bu baxımdan Türkiyə, İran və Rusiyada da artıq bilirlər ki, Ermənistan bir subyekt kimi özü özünə nəyi ehtiva edir. Buna görə də sözügedən dövlətlər Ermənistanın dağıdıcı potensialını getdikcə minimallaşdıracaqlar. Zənnimcə, bu reallıq fonunda Ermənistanın Azərbaycan, Gürcüstan, Türkiyə və İrana qarşı ərazi iddiaları və ”Böyük Ermənistan" xülyası öz-özünə boğulacaq. Ermənistan işğalçılıq siyasətini davam etdirmək üçün ilk növbədə bir dövlət kimi özünü xilas etməlidir. Bu isə indiki zamanda tamamilə mümkünsüz görünür". ***** İşğalçı ölkənin hazırda bir ciddi problemi də Paşinyan iqtidarının yaxınlaşmaq istədiyi ABŞ-ın Rusiya, Türkiyə və İranla eyni vaxtda sanksiya dili ilə danışmağa başlaması, bununla da onları sövq-təbii bir-birinə yaxınlaşdırmasıdır. Bu isə Ermənistana yaxşı heç nə vəd eləmir - o cümlədən də Dağlıq Qarabağ məsələsində. Çünki Ermənistanın yeni rəhbərliyi də Qərbin yanında işğal edilmiş Azərbaycan əraziləri ilə birgə yer almaq istəyir. Amma, necə deyərlər, Amerika uzaqda, Rusiya, Türkiyə, İran və Azərbaycan isə lap yaxında, qonşuluqdadır...“Qəlbi” Qərblə döyünən Paşinyan iqtidarı özünü Rusiyaya sevdirə bilmir - səbəb; politoloq: “Ermənistan işğalçılıq siyasətini çox sürdürə bilməyəcək...”