Ermənistanda seçkiöncəsi QAN TÖKÜLƏ BİLƏR

Qarabağ nisbi atəşkəsinə nail olan Paşinyan öz ölkəsində “atəş altına” düşüb; əks-inqilabçıların revanşı İrəvanı qan gölünə döndərə bilər; politoloq: “Rusiya birbaşa müdaxilə etməsə də, prosesləri nəzarətdə saxlayır...”

Ermənistanda parlament seçkiləri öncəsi yaşanan gərginlik səngimir. Baş nazir Nikol Paşinyanın gələn ilin may ayında keçiriləcəyi gözlənilən seçkiləri bu ilin dekabrında keçirmək niyyətini əngəlləmək istəyən Serj Sərkisyan və Robert Köçəryan tərəfdarları, həmçinin onların mövqeyini müdafiə edən qüvvələr açıq şəkildə hücuma keçiblər.

N.Paşinyan isə əmindir ki, İrəvan şəhər meriayasına keçirdiyi seçki-testindən sonra parlament seçkilərini reallaşdırıb mandatların mütləq əksəriyyətini əlində cəmləməsə, onun hakimiyyəti uzun çəkməyəcək. Odur ki, müxalifətin müqavimətini qırmaq üçün xalq etirazılarından istifadə etməkdə davam edir. Şübhə yox ki, Paşinyanın Rusiya ilə münasibətlərindəki soyuqluq da onun əleyhdarlarına əlavə stimul verib. Düzdür, hələlik Moskva baş verənlərə hər hansı reaksiya vermir və sadəcə, prosesləri müşahidə edir. Ancaq aydın məsələdir ki, Paşinyanın Rusiyaya meydan oxumaq cəhdlərinin ona baha başa gələcəyi barədə hələ aylar öncə səslənən proqnozlar boşuna deyildi. Hətta yay aylarında bəzi rus politoloqlar payızda Paşinyan hökumətinin devriləcəyi anonsunu vermişdilər.

Bəlkə də müxalifətin parlamentdəki qiyamı elə hökuməti devirmə planının tərkib hissəsidir. Hər halda, Paşinyan hökumətinin əsas fiqurlarının telefon danışıqlarının izlənilməsi və internetdə yayılmasından tutmuş, parlamentdə baş nazirin əl-qolunu bağlayan qanunun qəbulunadək, baş verənlərin vahid mərkəzdən idarə olunduğunu demək üçün kifayət qədər əsaslar var. Qeyd edək ki, Ermənistan parlamenti “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının parlamentdəki təmsilçiləri eks-prezidentdən təlimatlar aldıqdan sonra hərəkətə keçiblər. Bu qərarın qəbulundan qabaq Sərkisyan partiyasının toplantısını keçirmişdi. İndi Sərkisyan-Köçəryan cütlüyü var qüvvəsini işə salaraq, Paşinyanın parlamenti ələ keçirməsinə qarşı çalışırlar. Onlar may ayında keçirilməli olan parlament seçkilərinin bu ilin dekabrında keçirilməsi ilə bağlı planı pozmaq üçün çalışırlar.

Məsələ burasındadır ki, Paşinyan rəqiblərini 2018-ci ilin 1 mart cinayətləri ilə vurmaq planı qurmuşdu. Ancaq bu günə kimi barəsində cinayət işi qaldırılan Yuri Xaçaturovdan tutmuş, Robert Köçəryana və Serj Sərkisyana qədər heç kəsi həbs edə bilmir. Üstəlik, Y.Xaçaturovun başqa bir erməni generalla əvəzlənməsi təşəbbüsü də KTMT-də ciddiyə alınmır.

Ancaq N.Paşinyan da özünü “bərk qoz” kimi göstərməkdə davam edir. “Yeni Müsavat”ın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, o, parlamentdəki çıxışında bildirib ki, əgər Respublika Partiyası növbədənkənar seçkilərdə iştirak etmək istəmirsə, demək, partiya seçkilərdə iştirak etməyəcək. Bununla da baş nazir xəbərdarlıq edib ki, Sərkisyanın partiyası seçkidə iştirak etmək istəmirsə, öz işidir. Beləcə, onların əhəmiyyətini heçə endirməyə çalışıb. Amma Qarabağ klanının əlində kifayət qədər resursların olduğu hər kəsə bəllidir. Üstəlik, bu cinayətkar qüvvələr erməni diasporunda da dayaqlara malikdir, həmçinin Rusiyadakı ayrı-ayrı dairələrlə əlaqələri var. Deməli, Paşinyan üçün məsələlərin bitdiyini demək olmaz.

Ermənistan hökumətinin 4 oktyabr tarixli iclasında “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyalarını təmsil edən beş qubernatorun vəzifələrindən azad edilməsi barədə qərar qəbul olunub. Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan qubernatorlara və keçmiş nazirlərə görülmüş işə görə minnətdarlığını bildirib və ən xoş arzularını çatdırıb.

Ä°lgili resim

“Dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan öz mövqelərini möhkəmləndirməyə çalışır. Hazırda Ermənistan parlamentində keçmiş hakimiyyətin nümayəndələri geniş təmsil olunub. Bu isə Paşinyanın hərəkətlərini məhdudlaşdırır”. Bu sözləri “REAL” TV-yə açıqlamasında rusiyalı politoloq Gevorq Mirzayan deyib.

“Hazırda Erməni hakimiyyəti keçid mərhələsindədir. Paşinyana istədiyi islahatları keçirmək üçün parlament tərəfindən dəstək tələb olunur, ancaq hazırda Paşinyanın siyasi tərəfdaşları parlamentdə az saydadır. Parlamentdə çoxluq təşkil etmək üçün seçkilər keçirilməlidir, seçkilər isə gələn il gərçəkləşdiriləcək. Məhz bu səbəbdən Paşinyan hədəflərinə çatmaq üçün etiraz və mitinqlər üsulunu seçib. O, ”küçə" siyasəti ilə hakimiyyətdə mövqelərin, bərkitməyə çalışır. Ola bilər ki, Paşinyanın vəziyyətində onun atdıqları addımlar məntiqə uyğundur. Ümumilikdə, “küçə demokratiyası” pis nəticələnə bilər. Xalq sözü aksiyalar və mitinqlər vasitəsilə həll olunmamalıdır, bunun üçün parlament var və orada sivil şəkildə danışıqlar aparılmalıdır", - deyə Mirzayan bildirib.

paşinyan ile ilgili görsel sonucu

İrəvanda keçirilən meriya seçkiləri öncəsi Nikol Paşinyan dəfələrlə serj Sərkisyanı və Robert Köçəryanı “siyasi meyit” adlandırmışdı.

Parlamentin son növbədənkənar iclasında və parlamentin vaxtından əvvəl buraxılmasını əngəlləyən qanunvericilik aktının qəbul edilməsindən sonra isə baş nazir artıq “əks-inqilab təhlükəsindən” danışmağa başlayıb. Musavat.com bu barədə yazısında bildirir. “Paşinyan bununla Ermənistanda revanşist güclərin mövcudluğunu etiraf etmiş olub. Çünki 70 deputat, sadəcə, Ara Babloyan və Vaqram Bağdasaryanın cəhdləri ilə bir yerə təsadüfən yığışıb bu cür hərəkət edə bilməzdilər”, - 1-ci informasiya saytının analitiki Sərkis Artsruni yazıb.

Müəllif Ermənistan Respublika Partiyasının və daşnakların davranışlarının əslində gözlənilən olduğunu qeyd edib. Serj Sərkisyanın partiyası, zatən, indiki iqtidara qarşı qatı müxalifətdədir. Yeni hökumətdə nazirləri olan daşnakların əsl siması isə ay öncə, Robert Köçəryanın həbsi gedişində üzə çıxıb.

Burada 3-cü qüvvənin, iş adamı Qagik Sarukyan və onun eyni adlı blokunun fəaliyyəti diqqət cəlb edir. Hələ sentyabr ayında Tsarukyan Köçəryanla əməkdaşlığın gündəmlərində olmadığını bəyan etmişdi. Hətta o, daha da irəli gedərək 2008-ci il 1 mart hadisələriində iştirakı ilə bağlı suallara cavab olaraq bu cinayətdə əli olan şəxslərin hər kəsin gözü önündə asılmalı olduğunu söyləmişdi. Göründüyü kimi, Ermənistanda anti-Paşinyan qruplaşmalar bir araya gəlir. Hətta Köçəryan Sərkisyanla əməkdaşlığının olmadığını son aylarda demişdi. Amma şübhəsiz ki, təhlükə onları birləşdirəcək.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında Ermənistanda vəziyyətin dramatikliyinə diqqət çəkdi:“Paşinyan, necə deyərlər, ”vabank" gedir. Çünki onun başqa yolu qalmır. Demək olar ki, parlamentdə olan istər respublikaçılar, daşnaklar və Tsarukyan bloku tam şəkildə özlərini Paşinyana müxalif kimi aparırlar. Zənnimcə, həmin müxalif qüvvələr məhz Düşənbə görüşündən sonra aktivləşiblər. Deməli, belə nəticə çıxarmaq olar ki, Rusiya tərəfindən müəyyən təlimat verilib. Paşinyan başa düşür ki, onun yeganə ümid yeri məhz mitinqdir. Lakin onları da tam şəkildə razı salmaq lazımdır ki, qələbə çalınsa, söz verdiyi islahatları həyata keçirə biləcək. Bu gün Qərbin maliyyə yardımı da hələ ki söz olaraq qalır, çünki iqtisadi islahatlar üçün nəzərdə tutulan maliyyə dəstəyi əvvəlcə siyasi islahatlardan keçməlidir".

Politoloq əlavə etdi ki, bu mərhələdə Dağlıq Qarabağ münaqişəsində də irəliləyiş yoxdur: “Paşinyan çalışır ki, dekabrda seçkilər keçirilsin. Şərti isə budur ki, istefa versə belə, səlahiyyətlərini saxlayacaq. Müxalif qüvvələr isə öz alternativ namizədlərini irəli sürmürlər və Paşinyanın iflasından sonra, yəni gələn il seçkilərə getmək istəyirlər. Paşinyan da bilir ki, nə qədər qubernatorlar və bəzi nazirlər müxalifət təmsilçiləridirlər, onun yerlərdə qələbə çalmaq şansı çox azdır. Buna görə də prezidentdən onların işdən azad edilməsini və təbii ki, prezidentin də onu dəstəkləməsini istəyir və müəyyən qədər buna nail olub. Parlament isə istefaya getmir və Paşinyanın yeganə yolu yenə də mitinqdəki tərəfdarlarıdır”.

A.Nağıyev Kremlin məsələlərə təsir imkanlarından danışarkən bunları bildirdi: “Bu gün təbii ki, Rusiya birbaşa bu proseslərə müdaxilə etməsə də, prosesləri nəzarətdə saxlayır. Onun ən mühüm tərəfdarları da Qarabağ klanının üzvləridir. Bu gərginlik mütləq davam edəcək və bütün tərəflər ortaq bir məxrəcə gəlməsələr siyasi vəziyyət dəyişə bilər”.

Bu arada çətin vəziyyətə düşməsinə baxmayaraq, Paşinyanın diqqəti “xarici düşmənə” yönəltmək cəhdləri də müşahidə olunur. “Azərbaycan heç vaxt KTMT-yə üzv, hətta müşahidəçi kimi də, olmayacaq - Ermənistan buna imkan verməz” (Virtualaz.org). Bunu o, parlamentdə “Hökumət saatı”nda Respublika Partiyasından deputat Armen Aşotyanın sualına cavab verərkən deyib. Paşinyan qeyd edib ki, KTMT-yə yeni ölkələrin daxil olması konsensusla həll edilir və Azərbaycanın bu təşkilata daxil olması ilə bağlı məsələdə Ermənistanın mövqeyi haqda danışmaq artıqdır. “Ermənistan heç vaxt razılaşmayacaq ki, Azərbaycan bizim üçün əsas hərbi-siyasi təşkilatda üzv və ya hətta müşahidəçi olsun” - Paşinyan bildirib. O əlavə edib ki, Azərbaycanın KTMT-yə inteqrasiyası haqda istənilən danışıqların heç bir əsası yoxdur.

Əslində Azərbaycan heç vaxt Ermənistanla eyni hərbi blokda təmsil olmaq niyyətini bəyan etməyib. Bu mənada erməni baş nazirin “imkan vermərik” açıqlaması absurd görünür. Digər tərəfdən, Paşinyanın Düşənbədəki razılıqlardan sonra yenidən Azərbaycanla bağlı sərt ritorika ilə danışmaq cəhdi, heç şübhəsiz, onun daxildəki çıxılmaz durumundan irəli gəlir. Paşinyana təmas xəttində sakitlik həm təhlükəlidir, həm də atəşkəsin pozulması onun diqqəti daxildəki proseslərdən yayındırmaq üçün yeganə çıxış yoludur.

A.Nağıyev də qəzetimizə bildirdi ki, Paşinyan hansısa faktlara söykəndiyini açıqlamır: "Zənnimcə, Azərbaycan da hələ bununla bağlı bir rəsmi mövqe ortaya qoymayıb. Bu, Paşinyanın siyasi bəyanatlarından başqa yeni bir şey deyil".

Bu arada bəzi erməni analitiklər “Çiçəklənən Ermənistan”ın nəzarət paketinin Köçəryanın da əlində olduğunu iddia edirlər. İddialar var ki, əgər Paşinyandan sonra parlament özünü buraxmasa, Köçəryan üçün baş nazir olmaq üçün fürsət yarana bilər. Bu isə Ermənistanda qanı qaçılmaz edəcək. Yeri gəlmişkən, Sərkisyan yazda Paşinyanla görüşərkən ona 2008-ci ilin 1 martını xatırlatmışdı. Yəni köhnələr dinc yolla yox, silahla qayıtmaq istəyəcəklər şübhəsiz ki. Onların 1 mart təcrübəsi var...






Fikirlər