Mirəlioğlu müavinlərini İŞDƏN QOVUB? - AÇIQLAMA
“Səslənən fikirlərdə bir qədər şişirtmə var. Çünki partiya daxilində hər hansı gərginliyin olması normaldır. Hər kəs sözünü deyə bilər. Düşünürəm ki, partiya daxili məsələləri gündəmə gətirmək yaxşı deyil”. Bunu Modern.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu partiyada yaşananlara münasibət bildirərkən deyib. KXCP sədri Mirmahmud Mirəlioğlunun müavinləri partiyadan qovmasına gəlincə, Xəzər Teyyublu bunu nə təsdiq, nə də təkzib edib. “Əvvəla partiya sədrinin kimlərisə qovması kobud ifadədir. Partiya sədri istədiyi adamla işləyə də, işindən azad da edə bilər. Mirmahmud bəy partiyanın sədri olduğu üçün müavinlərini buraxa da, təyin edə də bilər. Bu məsələdə heç bir problem görmürəm. İkincisi, partiyanın idarə heyətinin üzvüyəm. Məni partiyadan uzaqlaşdırmaq məsələsi doğru deyil. Düşünürəm ki, partiya daxilində baş verən gərginlik heç kimə lazım deyil. Çünki siyasətdə gərginliyin olması normaldır”. Xatırladaq ki, mətbuatda yazılanlara görə, KXCP sədri Mirmahmud Mirəlioğlu Sədr Aparatını buraxdıqdan sonra, müavinlərini qərargahdan qovub. Bildirilib ki, hətta sədr müavini Xəzər Teyyublunun otağı əlindən alınıb, özü isə qərargaha isə buraxılmır.