Müxalifət Milli Şuraya “YOX” dedi

Milli Şura sentyabrın 23-də saat 15-dən 17-dək İnşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli yaydığı videomüraciətində məlumat verib. Onun sözlərinə görə, artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.  

Maraqlıdır, digər siyasi partiyaların  Milli Şuranın mitinqinə qatılmaq fikirləri varmı?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında bildirib ki, partiya mitinqlə əlaqəli müzakirələr keçirib:

 “Dünən keçirilən iclasda Milli Şuranın mitinqi ilə bağlı məsələni müzakirə etdik. “Siyasi partiyalar haqqında” qanuna görə  bizim üzvlərimizin  hüquqlarını məhdudlaşdırmaq kimi ixtiyarımız yoxdur. Yəni  onların kütləvi aksiyalarda iştirak hüququ  Konstitusiya ilə müəyyən olunub. Ona görə də mövcud qanunvericiliyi nəzərə alaraq üzvlərimizin  digər partiyatların, qeyri dövlət təşkilatlarının  təşkil etdiyi aksiyalarda iştirakında azad olduqları  haqqında qərar qəbul etdik. Kim istəsə iştirak edə bilər.

Partiya olaraq bizə müraciət olunmadığı üçün mitinqdə iştirak edə bilmərik. Bu, siyasi etikaya zidd hərəkət olar. Eyni zamanda mənim də mitinqə qatılmaq fikrim yoxdur. Sosial sifariş olmayana qədər  nə qədər ciddi problem olur olsun,  müxalifətin öz hesabına keçirdiyi aksiyaların ciddi siyasi nəticəsi olmur”.

 Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov qeyd edib ki,  Milli Şuranın mitinqi ilə bağlı məsələ ümumiyyətlə partiyada müzakirə edilmir:

 “Biz mitinqdə partiya olaraq iştirak etməyi düşünmürük. Bu məsələ ümumiyyətlə partiya daxilində müzakirə edilməyib. Milli Şuranın mitinqi ilə bağlı partiyada hansısa təşəbbüs də yoxdur. Amma belə mitinqlərdə partiya öz üzvlərinin iştirakına qadağa qoymayıb. Yəni kim istəsə, iştirak edə bilər. Bundan qabaqkı  mitinqlərə də partiya olaraq qatılmamışıq”.

 Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu  mitinqdə fərdi olaraq iştirak etmək fikrindədir:

 “KXCP olaraq bu haqda mövqeyimiz  keçiriləcək mitinqin şüarlarını dəstəkləməkdən ibarətdir. Düzdür, mitinqin təşkilatlanma işində iştirak  etmirik. Bunu  birbaşa Milli Şura edir. Amma səsləndirələcək şüarları və tələb edilənləri dəstəkləyirik. Eyni zamanda qeyd etməliyəm ki,  partiyanın üzvləri mitinqdə iştirakla bağlı sərbəstdir.

Mənim də sıravi vətəndaş olaraq  ölkədə gedən proseslərlə bağlı dəstəyimi əsirgəmək fikrim yoxdur. Bu baxımdan  ola bilsin ki, fərdi olaraq mitinqdə iştirak edim”.






Fikirlər