Milli Şuranın mitinqinə hazırlıq gedir

Milli Şuranın mitinqinə hazırlıq gedirMilli Şura 10 noyabr mitinqinə hazırlaşır. Mitinqdə yenə də siyasi məhbus məsələsinin, həmçinin insan haqları sahəsindəki pozuntular, insanların sosial durumu ilə bağlı problemlərin gündəmə gətiriləcəyi bildirilir.
Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktubda aksiyanın metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda saat 15-dən 17-dək keçiriləcəyi bəyan olunub.


Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Media forum”a deyib ki, mitinq hazırlıqları davam edir. O, MŞ-yə daxil olmayan partiyalara və şəxslərə mitinqdə iştirak üçün xüsusi dəvət göndərilməyəcəyini deyib: “Repressiyaların əleyhinə olan hər bir şəxs mitinqə gələ bilər”.

Qeyd edək ki, siyasi məhbuslara azadlıq tələbi ilə Milli Şuranın oktyabrın 12-də də keçirdiyi mitinqə quruma üzv olmayan tanınmış müxalifət təşkilatları-Müsavat Partiyası, Azərbaycan Xalq Partiyasının rəhbərliyi və üzvləri də qatılmışdı. Özü də heç bir dəvət olmadan. Müsavatın sabiq başqanı İsa Qəmbərin, Müsavat başqanı Arif Hacılının və AXP sədri Pənah Hüseynin təşkilatçılar tərəfindən tribunaya dəvət edilməməsi, hətta onların mitinqdə iştirak etdiyinin MŞ rəhbərliyi tərəfindən mitinqdə dilə gətirilməməsi ictimai qınaqlara, müzakirələrə səbəb olmuşdu. Belə fikirlər də irəli sürülmüşdü ki, Milli Şura rəhbərliyinin saymazyana davranışı növbəti mitinqlərdə adıçəkilən siyasi partiyaların iştirak etməməsinə səbəb ola bilər.

Müsavat Partiyasının Divanı isə Milli Şuranın noyabr ayının 10-na təyin etdiyi “Siyasi məhbuslara azadlıq!” tələbi ilə keçiriləcək mitinqdə iştirak məsələsini müzakirə edib. Divan mitinqdə iştirak məsələsində partiya üzvlərinə sərbəstlik verilməsini qərara alıb. Lakin partiyanın rəhbərliyinin iştirak edib-etməyəcəyi barədə konkret informasiya verilmir.///musavat.com






Fikirlər