Müsavat Milli Şura ilə bağlı bəyanat yaydı
Virtualaz.org-un məlumatına görə, bəyanatda bildirilir ki, Müsavat Partiyası Milli Şuranın strukturları formalaşarkən heç bir iddia irəli sürməyərək, hətta siyasi qüvvələrin bu qurumda öz güclərinə adekvat olmayaraq təmsilçiliyinə razılıq verib, Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakı təmin edildikdən sonra, Müsavat Partiyası Məclisi tərəfindən prezidentliyə namizədliyi ilin əvvəlində irəli sürülmüş İsa Qəmbərin namizədliyindən imtina edib, Milli Şuradan asılı olmayan səbəblərdən Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak edə bilməyəcəyi aydın olduqdan sonra Milli Şurada təmsil olunan bir sıra siyasi qüvvələrin ciddi müqavimətinə və pozucu fəaliyyətinə baxmayaraq, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin prezidentliyə namizəd kimi irəli sürülməsi və dəstəklənməsi nəticəsində müxalifət qüvvələri seçkilərdə iştirak etmək imkanının təmin olunması Müsavat Partiyasının birmənalı və təkidli mövqeyi nəticəsində mümkün olub.
“Ziyalıların seçki prosesində iştirak faizi, kütləvi aksiyalarda iştirak edənlərin sayı və digər amillər göstərdi ki, sadəcə demokratik qüvvələrin bir araya gəlməsi və vahid namizədin müəyyənləşməsi cəmiyyətdə köklü siyasi dəyişikliklərə nail olmaq üçün yetərli deyil, bunun üçün yeni üsullar və metodlar, fərqli mübarizə taktikasının seçilməsi zəruridir.
Müsavat Partiyası bunu nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələrlə müttəfiqlik və əməkdaşlıq müqavilələri bağlamaq, onlarla birgə yeni siyasi şəraitə uyğun olaraq həm Milli Şura daxilində, həm Milli Şuradan kənarda funksional əməkdaşlığın səmərəli yollarını birgə müzakirə etmək təklifini irəli sürdü.
Müsavat Partiyasının bu xoşməramlı təklifinə bəzi siyasi qüvvələrin adekvat olmayan reaksiyası, müttəfiqlik münasibətlərinin qurulmasından imtina edilməsi, əksinə müttəfiqlik təklif etdiyimiz bəzi qüvvələr tərəfindən Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasına start verilməsi partiya strukturlarında böyük təəssüf və narahatlıqla qarşılanıb.