“Bu cür düşüncəylə Azərbaycana rəhbərlik etməyə çalışırlar” - AXCP, Müsavat, YAP-dan toy QALMAQALINA reaksiya
Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Facebook sosial şəbəkəsində Müsavata qarşı növbəti hücumlara start veriblər. Onlar YAP-dan kiminsə Müsavat üzvünün toy məclisində iştirak etməsini biabırçılıq adlandırıblar. AXCP rəsmilərinin iddialarından belə anlaşılıb ki, Müsavat Partiyası hakimiyyətə işləyir.
İkram İsrafilin AXCP rəsmilərinə cavabı sərt olub: “Mən elə düşüncədə olan insanların xəstə olduğu qənaətindəyəm. Xəstə insanların məişət məsələləri ilə siyasəti ayıra bilməməsi təbiidir. Əgər həmin adamlar siyasətlə məşğul olmaq istəyirlərsə, yaxşı bir psixiatr və nevropotoloq tapıb müalicə olunsunlar. Yoxsa həmin düşüncədə olan insanlar ətrafdakılarını da öz vəziyyətlərinə sala bilərlər”.
YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə də Modern.az saytına açıqlamasında belə yanaşmalardan təəssüfləndiyini deyib: “Azərbaycanda siyasəti hər şeyə qatan insanların olmasından təəssüf edirəm. Cəmiyyəti siyasi partiyalara görə bölmək, adi xeyir-şər işində iştirakı siyasi ittiham kimi irəli sürməyi başa düşə bilmirəm. Biz İkram İsrafillə parlamentdə həmkar olmuşuq. Ayrı-ayrı cəbhələrə mənsub olmuşuq və öz siyasi əqidəmizdə qalmışıq. O, məni oğlunun toyuna dəvət edib, mən də iştirak etmişəm. Bununla nə o, nə də mən siyasi əqidəmizdən dönmüşük. Toyları sırf partiya prinsipi ilə qurmağın özü çox qəribədir. Bizim bəzi siyasi opponentlərimizin bu məsələyə belə yanaşmasına təəssüf edirəm. Bu cür düşüncəli insanlar Azərbaycana, xalqa rəhbərlik etməyə çalışır”,-deyə Aydın Mirzəzadə qeyd edib.