Müxalifət Milli Şuraya “YOX” dedi
Milli Şura sentyabrın 23-də saat 15-dən 17-dək İnşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli yaydığı videomüraciətində məlumat verib. Onun sözlərinə görə, artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. Maraqlıdır, digər siyasi partiyaların Milli Şuranın mitinqinə qatılmaq fikirləri varmı? Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında bildirib ki, partiya mitinqlə əlaqəli müzakirələr keçirib: “Dünən keçirilən iclasda Milli Şuranın mitinqi ilə bağlı məsələni müzakirə etdik. “Siyasi partiyalar haqqında” qanuna görə bizim üzvlərimizin hüquqlarını məhdudlaşdırmaq kimi ixtiyarımız yoxdur. Yəni onların kütləvi aksiyalarda iştirak hüququ Konstitusiya ilə müəyyən olunub. Ona görə də mövcud qanunvericiliyi nəzərə alaraq üzvlərimizin digər partiyatların, qeyri dövlət təşkilatlarının təşkil etdiyi aksiyalarda iştirakında azad olduqları haqqında qərar qəbul etdik. Kim istəsə iştirak edə bilər. Partiya olaraq bizə müraciət olunmadığı üçün mitinqdə iştirak edə bilmərik. Bu, siyasi etikaya zidd hərəkət olar. Eyni zamanda mənim də mitinqə qatılmaq fikrim yoxdur. Sosial sifariş olmayana qədər nə qədər ciddi problem olur olsun, müxalifətin öz hesabına keçirdiyi aksiyaların ciddi siyasi nəticəsi olmur”. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov qeyd edib ki, Milli Şuranın mitinqi ilə bağlı məsələ ümumiyyətlə partiyada müzakirə edilmir: “Biz mitinqdə partiya olaraq iştirak etməyi düşünmürük. Bu məsələ ümumiyyətlə partiya daxilində müzakirə edilməyib. Milli Şuranın mitinqi ilə bağlı partiyada hansısa təşəbbüs də yoxdur. Amma belə mitinqlərdə partiya öz üzvlərinin iştirakına qadağa qoymayıb. Yəni kim istəsə, iştirak edə bilər. Bundan qabaqkı mitinqlərə də partiya olaraq qatılmamışıq”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu mitinqdə fərdi olaraq iştirak etmək fikrindədir: “KXCP olaraq bu haqda mövqeyimiz keçiriləcək mitinqin şüarlarını dəstəkləməkdən ibarətdir. Düzdür, mitinqin təşkilatlanma işində iştirak etmirik. Bunu birbaşa Milli Şura edir. Amma səsləndirələcək şüarları və tələb edilənləri dəstəkləyirik. Eyni zamanda qeyd etməliyəm ki, partiyanın üzvləri mitinqdə iştirakla bağlı sərbəstdir. Mənim də sıravi vətəndaş olaraq ölkədə gedən proseslərlə bağlı dəstəyimi əsirgəmək fikrim yoxdur. Bu baxımdan ola bilsin ki, fərdi olaraq mitinqdə iştirak edim”.