Müsavatda NARAZILIQ: “Tofiq Yaqublu bunu ETMƏMƏLİ İDİ”

Milli Şura aprelin 9-u saat 15:00-a təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bakı meriyasına edilən müraciətdə  Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionu (keçmiş “Məhsul” stadionu) mitinq keçirilməsi üçün məkan olaraq istənilib.

 Maraqlıdır ki, həmin müraciəti imzalayanlardan biri də Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubludur.  O, bununla bağlı qeyd edib:

 “Bəziləri  həmin müraciəti Müsavat Partiyasının da imzalaması kimi təqdim ediblər. Mən həmin sənədi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü kimi imzalamışam və həmin müraciətin Müsavat Partiyasına aidiyyatı yoxdur. Müsavat Partiyasının kütləvi aksiyalarla bağlı özünün ayrıca planları var”.

 Müsavat Partiyası başqanının digər müavini Yadigar Sadıqov Modern.az-a açıqlamasında bildirib ki, Müsavat mitinqdə iştirak etməyəcəyini bildirsə də, boykot qərarı da qəbul olunmayıb.

 “Müsavat Partiyasının istənilən üzvü Milli Şuranın mitinqində iştirak edə bilər. Sadəcə Milli Şura sentyabr mitinqlərində tutduğu mövqeyə, bizim onlarla birgə mitinqlərdə iştirak etməyimizi istəmədiklərinə görə, Müsavat növbəti aksiyaya qatılmayacağını bəyan etdi. Bununla belə heç bir üzvümüzə qadağa qoymamışıq”-deyə partiya funksioneri bildirib.

 Yadigar Sadıqov Tofiq Yaqublunun addımını isə tənqid edib.

 “Tofiq Yaqublunun Milli Şuranın Koordinasiya Mərkəzinə üzv olması və müraciətə imza atması, mənə elə gəlir ki, nəzakət qaydalarına o qədər də uyğun deyil. Şəxsən mənim fikrimcə, Tofiq Yaqublu bunu etməməli idi. Şəxsən  mən Tofiq Yaqublunun bu mövqeyindən narazıyam”.

 






Fikirlər