Müsavat BAŞQANI: "Bahar bayramı ərəfəsində ƏFV fərmanının verilməsi..."
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında siyasi məhbuslar da yer alıb. Əfv sərəncamında Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyev, "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədli, hüquq müdafiəçisi Taleh Xasməmmədov, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov, "Talışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov da yer alıb. Bununla bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı Ölkə.Az-a danışıb: "Bahar bayramı ərəfəsində belə bir əfv fərmanının verilməsi müsbət bir haldır. Bu ilk növbədə azadlığa çıxan məhbusların ailələrinə bayram hədiyyəsidir. Bütövlükdə siyasi məhbusların azadlığa çıxması ilk növbədə onların ailələri üçün sevincli bir hadisədir. Eyni zamanda onların təmsil olunduğu təşkilatlar, qurumlar, dostları bundan çox sevinəcəklər. Hesab edirəm ki, bu hadisə Azərbaycanın milli maraqlarına uyğun olan bir hadisədir. İstərdim ki, bütövlükdə siyasi məhbus problemi həll olunsun. Çünki siyasi məhbus probleminin mövcudluğu təkcə məhbuslara, onların yaxınlarına, üzv olduqları təşkilatlara yox, eyni zamanda Azərbaycana problemlər yaradır. Ən azı Azərbaycanın milli maraqlarını nəzərə alaraq ölkədə siyasi məhbus problemini birdəfəlik həll etmək, digər siyasi məhbusların da azadlığa buraxılmasını təmin etmək zəruridir". Müsavat başqanı bildirdi ki, hələ Tofiq Yaqublu ilə danışmayıb. Arif Hacılının sözlərinə görə, Müsavat Partiyasının rəhbərliyi, fəalları Müsavat Pariyasının qərargahında toplaşır. Yəqin ki, biz vəziyyəti müzakirə etdikdən sonra məhbusların qarşılanması və digər məsələləri həll edəcəyik. Tofiq Yaqublu azadlığa buraxıldığı üçün bu gün həyatımın ən sevincli günlərindən birini yaşayıram. Qeyd edək ki, əfv sərənacamı nəticəsində Müsavat Partiyası başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov azadlığa çıxıb.