MÜSAVAT SİYAHINI AÇIQLADI, DAVA DÜŞDÜ - İsa Qəmbər də namizəddir
“Qafqzazinfo” xəbər verir ki, Məclisin iclasında seçki qərargahının rəhbəri Gülağa Aslanlı partiyanın rayon təşkilatları tərəfindən namizədliyi irəli sürülməsi razılaşdırılmış namizədlərin adlarını açıqlayıb.
Müsavat Partiyasının 30-a yaxın dairədən deputatlığa namizədləri yoxdur. Eyni zamanda partiyanın Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsində də namizədləri yoxdur.
Rayon təşkilatlarının razılaşdırdığı namizədləri Məclisdə səsverməyə çıxarılaraq təsdiqlənib. Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər 15 saylı Yasamal Birinci Seçki Dairəsindən, 33 saylı Xətai Birinci Seçki Dairəsindən Müsavat Partiyasının başqanı Arif Hacılı namizəd olub. 123 saylı Kəlbəcər Seçki Dairəsindən Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun namizədliyi dəstəklənib. 29 saylı Səbail Seçki Dairəsindən Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı, 46 saylı Şirvan Seçki Dairəsindən Müsavat başqanının müavini Elman Fəttah, 50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsindən Səxavət Soltanlı namizəddirlər. 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu, 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən Arzu Səmədbəyli, 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Rafiq İsmayıl, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli, 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən İkram İsrafil, 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən Məclis üzvü Vəfa Cümşüdlü, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Məclis üzvü Nəsiman Yaqublu olublar.
Müsavat başqanının həbsdə olan müavinlərinin də partiyanın deputatlığa namizədlərinin olması səsverməyə çıxarılıb və qəbul edilib. Tofiq Yaqublu 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub. Müsavat başqanının digər həbsdə olan iki müavininin namizəd olduğu dairələrdən isə faktiki ikinci namizədlər olub. Beləliklə, Yadigar Sadıqlı Lənkəran Seçki Dairəsindən namizəd olub, bu dairədən partiyanın ikinci namizədi Mikayıl Əsədovdur. 121 saylı Laçın Seçki Dairəsindən namizəd Müsavat partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli, faktiki namizəd isə onun atası Rafiq Kərimli olub. Müsavat Partiyasının 67 saylı Cəlilabad Cəlilabad Şəhər Seçki Dairəsindən, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən və 108 saylı Ağstafa Seçki Dairəsindən də iki namizədi var. Bu dairədən Müsavat Partiyası Divanın üzvü Balaşxanım Abbasova və rayon təşkilat komitəsinin sədri Ayvazalı Orucov namizəddirlər.
Məclisdə partiyanın 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülən şəxslər arasında qalmaqal yaranıb. Qeyd edək ki, sözügedən dairədən vəkil Nemət Kərimli və Rauf Səlimov namizəddir.
Nemət Kərimli R. Səlimovu sabotaj yaratmaqda suçlayıb. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. R. Səlimov qeyd edib ki, o, Vurğun Əyyubun hüquqlarının müdafiə komitəsinin sədridir. “Siz buna görə mənimlə bu cür davranırsınız”.
Daha sonra hər ikisinin namizədliyi məsələsi səsə qoyulub. R. Səlimov səsvermə prosesindən əvvəl zalı tərk edib, növbəti dəfə zala dəvət olunsa da, iştirak etməyib.