Müsəlmanları ŞOKA SALACAQ "Əsrin sazişi"ndə “Yeni Fələstin

Müsəlmanları ŞOKA SALACAQ "Əsrin sazişi"ndə “Yeni Fələstin" - 10 MADDƏLİK PLAN AÇIQLANDI

ABŞ prezidenti Donald Trampın “Əsrin sazişi” kimi məşhur olan planının detalları məlum olub.

Publika.az xəbər verir ki, Yaxın Şərq münaqişəsinin nizama salınması üzrə sənəd “İsrael a-Yom”” (“İsrail bu gün”) qəzetində dərc edilib.

Baş nazir İsrail Benyamin Netanyahuya yaxın hesab edilən qəzet yazır ki, sənəd bazar ertəsi Xarici İşlər Nazirliyinin əməkdaşları tərəfindən verilib. Heç kim sənədin mənbəyini və onun etibarlılığını bilmir. Ancaq onun bəzi müddəaları “Əsrin sazişi”nin hazırlanması ilə məşğul olan Donald Trampın böyük məsləhətçisi və kürəkəni Cared Kuşner ilə beynəlxalq danışıqlarda ABŞ-ın xüsusi nümayəndəsi Ceyson Qrinblattın daha əvvəllər səsləndirdiyi bəyanatlara uyğundur.

Dərc edilmiş sənədin güman edilən bəndləri aşağıdakı kimidir:

1. İsrail, Fələstin Azadlıq Təşkilatı və HƏMAS hərəkatı “Yeni Fələstin” dövlətinin yaradılması haqqında razılaşmanı imzalayacaqlar. Bu dövlətə yəhudi məskunlaşmaları istisna olmaqla, İordan çayının qərb sahili və Qəzza sektoru daxil olacaq.

2. Yəhudi qəsəbələrinin blokları İsrailin əlində qalacaq və onlara təcrid edilmiş yəhudi qəsəbələri birləşdiriləcək.

3Qüds bölünməyəcək, amma “Yeni Fələstin” və İsrailin birgə paytaxtı statusu alacaq. Qeyd edilir ki, ərəb sakinləri “Yeni Fələstin” dövlətinin vətəndaşı olacaqlar. Ərəblərə yəhudilərin, yəhudilərə isə ərəblərin evlərini əldə etmək qadağan ediləcək. Qüds bələdiyyəsi yeni Fələstin hökumətini məsuliyyətində olacaq rayonlardan başqa, Qüdsün bütün rayonları üçün məsuliyyət daşıyacaq. Heç bir əlavə rayon Qüdsə birləşdirilməyəcək. Müqəddəs yerlərin statusu dəyişməyəcək.

4. Fələstin Qəzza sektoru yaxınlığındakı Misir torpaqlarını icarə alacaq. Bu torpaqlarda aeroport, fabriklər və ticarət üçün zonalar yaradılacaq. Torpaqların ölçüsünü və qiymətini razılaşmanı dəstəkləyən vasitəçi tərəflər - ABŞ, Avropa İttifaqı və Fars körfəzinin neftçıxaran ölkələri müəyyən edəcək.

5. ABŞ, Avropa İttifaqı və Fars körfəzinin neftçıxaran ölkələri 5 il ərzində milli layihələr üçün Fələstinə 30 milyard dollar verməli olacaqlar. Məbləğ bu şəkildə bölüşdürüləcək: ABŞ 20 faiz, Avropa İttifaqı 10 faiz, Fars körfəzi ölkələri 70 faiz (ölkələr arasında neftin hasilatına görə bölünəcək).

6. Plana əsasən, Fələstin dövlətində ordu olmayacaq. Güman edilir ki, yalnız polis əməkdaşları yüngül silahlara malik ola bilərlər. Həmçinin, HƏMAS sazişin imzalanması zamanı öz silahlarını verəcək. İsrail və “Yeni Fələstin” arasında müdafiə haqqında razılaşma imzalanacaq. Bu müqavilə ilə İsrail fələstinlilərə xarici təcavüzdən müdafiə üzrə zəmanət verəcək. Fələstinlilər isə bu müdafiəyə görə İsrailə pul ödəyəcəklər. Bu ödənişin məbləği yuxarıda adı çəkilən vasitəçilər tərəfindən uyğunlaşdırılmalıdır.

7. Sazişin imzalanması vaxtı nəzərdə tutulur ki, HƏMAS bütün silahlarını təhvil verəcək və hərəkatın üzvləri Fələstin hökumətinin yaradılmasına kimi planı dəstəkləyən ölkələrdən - ABŞ, Avropa İttifaqı və Fars körfəzi ölkələrindən maaş alacaqlar. Fələstində bir il ərzində seçkilər keçirilməlidir. İsrail həbsxanalarından Fələstin məhbuslarının azad edilməsi seçkilərdən bir il sonra başlanacaq və üç il ərzində dava edəcək.

8. Malların və işçilərin keçidi üçün yolların açılması nəzərdə tutulur. Beş il ərzində “Yeni Fələstin”də dəniz limanı və aeroport yaradılacaq. Bu vaxta kimi İsrail aeroportu və dəniz limanlarından istifadə olunacaq. “Yeni Fələstin”də aeroport və dəniz limanlarının tikintisi ilə Çin şirkəti məşğul olacaq. Layihənin maliyyələşdirilməsi bu şəkildə bölüşdürüləcək: Çin 50 faiz, Yaponiya 10 faiz, Cənubi Koreya 10 faiz, Avstraliya 10 faiz, Kanada 10 faiz, ABŞ və Avropa İttifaqı 10 faiz.

9. İordan çayının vadisi İsrailin əlində qalacaq. 90-cı şose (İsrailin şimalı ilə cənubunu birləşdirir) pullu olacaq, yol 4 zolaqlı olacaq. İki zolaq “Yeni Fələstin” və İordaniyanı bir-birinə bağlayacaq.

10. Əgər HƏMAS və Fələstin Azadlıq Təşkilatı bu plandan imtina edərsə, ABŞ fələstinlilərə bütün maliyyə dəstəyini ləğv edəcək və ona nail olacaq ki, dünyada heç bir ölkə onlara pul köçürməsin. Amerika tərəfi həmçinin İsrail-HƏMAS münaqişəsinin kəskinləşməsi halında, İsraili dəstəkləcəyinə söz verir.

Əlavə edək ki, Fələstin tərəfi İsrail-Fələstin münaqişəsinin yeganə həll variantı kimi 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını göstərir. Dünyanın əksər dövlətləri, BMT və Avropa İttifaqı bu variantı dəstəkləyir. "Əsrin sazişi"nin qəbul olunması Fələstinin bir daha 1967-ci il sərhədlərinə qayıtmayacağı anlamına gəlir.






Fikirlər