İRAN VƏ QƏRB:Avropa ABŞ-ı savaşdan çəkindirə bilərmi?
Mərvan Bişara “Əl-Cəzirə”, 16.05.2019 İrana görə ABŞ və Avropa arasında bölünmə 2003-cü ildə ABŞ işğalından əvvəl İraqla bağlı münaqişələrin əlamətlərinə malikdir. Onların mövcud mübahisəsi əsasən məqsədlər deyil, vasitələr ucbatındadır, odur ki, Transatlantik münasibətlərə və Yaxın Şərqə böyük təsir göstərə bilər. Həm ABŞ, həm də Aİ İranın rəhbərlərini çəkindirmək istəyir. Səddam Hüseynin İraqını 2003-cü ildən əvvəl görmək istədikləri kimi. Yəni bu, sadəcə “kökə və qamçı” mübahisəsidir və ya İranı diz çökdürmək. Avropalılar JCPOA-ya uyğun olaraq, ticarət və investisiyaların nəfinə İslam Respublikasının davranışını dəyişdirməyə məcbur etmək istəyir, amma ABŞ sərt sanksiyalar və güc təhdidi ilə daha çox güzəştlər tələb edir. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) keçmiş direktoru Məhəmməd əl-Bərədəinin sözlərini xatırlamaq gərəkdir: “İran kökə və qamçı ilə idarə olunacaq eşşək deyil”. O, ABŞ-dan sanksiyaların ləğvi, üzrxahlıq və hörmət tələb edən regional gücdür. Böhran dərinləşdikcə ABŞ və Avropa arasındakı fikir ayrılıqları ahəng və məzmunca pisləşir. “Riyakar” Avropa Tramp administrasiyası bir neçə məsələ ilə bağlı Aİ ilə razılığa gələ bilmir. Birincisi, JCPOA-nu nüvə silahı olmayan İranı təmin etmək əvəzinə, prezident Barak Obamanın xarici siyasət irsinə xidmət naminə tələsik müzakirə edilən dəhşətli bir müqavilə sayır. Müqavilə İslam Respublikasına regional qüdrətini genişləndirməyə, “terrorizmə dəstək verməyə” və Vaşinqtonun ərəb müttəfiqlərini qeyri-sabitliyə yuvarlatma imkanı verib. İkincisi, Tramp administrasiyası hesab edir ki, saziş çoxtərəfli diplomatiyanın meyvəsi olsa da, çoxtərəflilik “düzgün işə” qol qoymur. O, beynəlxalq müqavilələri və qurumları yalnız öz siyasəti və maraqlarına xidmət etdikdə dəyərləndirir. Buna görə də, Tramp administrasiyası İranla ticarət aparan istənilən ölkənin “şər” dövləti, terror təşkilatının köməkçisi sayır və cəzalanmasını tələb edir. Bu tələb o qədər uzağa gedib ki, İrana qarşı diplomatik yanaşma faşist Almaniyası ilə eynidir. Üçüncüsü, Vaşinqton ABŞ-ın hərbi mühafizəsindən faydalanan, ABŞ gücünü tənqid edən riyakar və nankor hesab edir. Avropanın ehtiyatlılığını zəiflik kimi görür: Amerika hərəkət edir, çünki güclüdür; başqa sözlə, Avropa əlində yalnız kökə tutur, qamçıya gücü çatmır. Tramp administrasiyası baxımından, əgər avropalılar söz sahibi olmaq istəyirsə, pul qoymalı, yəni NATO üzə öhdəliklərini, hərbi xərclərini artırmalıdırlar. Aİ, Asiya, Yaxın Şərq və hətta öz ön və arxa həyətlərində (məsələn, Kosovoda və ya Liviyada) böhranlar yarandıqda, ABŞ-ın hərəkət etməsini gözləyirsə, Brüssel yox, Vaşinqton nə vaxt və harada barədə qərar verəcək. “Xuliqan” Amerika Avropa bu məsələlərə başqa cür baxır. Birincisi, avropalılar hesab edirlər ki, İranın nüvə razılaşması mükəmməl deyil, amma mandatını yerinə yetirir. Bu, İranın nüvə dövləti halına gəlməməyini təmin və davranış dəyişikliyini təşviq edib. Vaşinqtonun rəyinə xilaf olaraq, İranın raket proqramı və mübahisəli regional siyasəti ayrı-ayrılıqda müzakirə edilə bilər. MAGATE tərəfindən təsdiqlənmiş bir müqavilə niyə əlavə protokollar və ya sazişlərlə tamamlanmasın? İndi ABŞ təkbaşına oyuna girirsə, Avropa İttifaqının köməyi olmadan Tehranı masaya qaytarma üçün təzyiq alətləri az olacaq. İkincisi, Aİ JCPOA-nu yaymama və digər razılaşmalara nail olmaq üçün nümunə ola biləcək uğurlu çoxtərəfli səy kimi görür. Müqavilədən uzaqlaşma və ona əməl edənləri cəzalandırma ilə Tramp administrasiyası müttəfiqlərini özündən uzaqlaşdırır və başqa növ presedent yaradır: o, digər gücləri birtərəfli fəaliyyət göstərməsinə və mühüm beynəlxalq razılaşmalardan çəkilməsinə təşviq edir; bu, dünya üçün sülh və təhlükəsizlik baxımından zərərli nəticələrə səbəb ola bilər. Avropalılar ABŞ-ın öz güc nümunəsi ilə deyil, nümunə gücüylə hərəkət etməsini istəyirlər. Onlar ABŞ-ın İran naminə deyil, əksinə, beynəlxalq qaydalara əsaslanan sistemi daha neytral saxlamaq və möhkəmləndirmək naminə öhdəliklərini yerinə yetirməsini istəyirlər. Üçüncüsü, ən azı iki dünya müharibəsinin dəhşətindən dərs aldıqlarını deyən və hətta bununla öyünən avropalılar ABŞ-ın öz acı təcrübələrindən dərs almamasından narahatdırlar. İkinci Dünya müharibəsindən bəri ABŞ Koreya, Vyetnam, Əfqanıstan və İraqda böyük müharibələr aparıb. Hələ də ABŞ dünyanın polisi – “hipergüc” kimi hərəkət etməyə davam edir. Brüssel prezident Donald Trampın yeni müharibəyə başlamasına deyil, yeni bir müqavilə imzalamasına ümid edir, amma onun üst səviyyəli səlahiyyətliləri, tam təslim və məğlubiyyət arasında imkansız bir seçim etmək məcburiyyətində qoyaraq İrana dərs vermək istəyir. Tramp administrasiyasının öz hərbi və iqtisadi üstünlüklərinin zorakı gücünə arxalanması və 2003-cü ildə Buş administrasiyası kimi, eyni prizmalar və bəhanələrdən istifadə etməsi böhranı sürüşkən bir yamaca sürükləyir – İraq müharibəsindən daha böyük və qanlı savaşa. Deyəsən, o artıq başlayıb. ABŞ-ın dövlət katibi Mayk Pompeonun iki Səudiyyə tankerinə son iddia edilən hücumlardan sonra İrana xəbərdarlığı Avropanı daha da hirsləndirib və Transatlantik əlaqələrə ağır zərbə vurub. Vaşinqton İranı hücumlara görə günahlandırır və 120 min əsgərin Körfəzə yerləşdirilməsi ehtimalını nəzərdən keçirir. Eyni Qərbin iki tərəfi İrana görə qarşıdurma Soyuq müharibə başa çatdıqdan sonra Atlantikanın iki tərəfi arasında bir sıra böhran və gərginliklərin ən sonuncusudur. Aİ və ABŞ hələ də Rusiyaya və ya Çinlə müqayisədə, daha çox ortaq dəyərlərə malikdir, lakin Yaxın Şərq, Rusiyanın dirçəlişi, silahların yayılması və iqlim dəyişikliyi daxil olmaqla, artan bir sıra məsələlərdə fikir ayrılıqları var. Avropa qlobal rolunu əsasən yumşaq gücüylə təsdiqləyərkən və ABŞ gücünü iki dəfə artırarkən, Transatlantik münasibətlərdə bölünmə böyüyəcək. Ağırlaşan İran böhranı ABŞ-Aİ əlaqələrini pozmaqla yanaşı, heç kimin müdaxilə etməyəcəyi təqdirdə, Yaxın Şərqdə partlayış yarada bilər. Təəssüf ki, həm Çin, həm də Rusiya – JCPOA-nın digər iki iştirakçısı – bu günə iqtisadi sanksiyalar və ABŞ-ın Körfəzə hərbi güc yerləşdirilməsi ilə bağlı gözləmə mövqeyindədir. Aİ İranla razılığa gələrək, böyük investisiyaları xilas etmək üçün çalışır. Ancaq Brüsselin iradəli hərəkətə gələcəyini fərz etsək, hələ də vasitələri yoxdur. ABŞ-a qarşı durmaq üçün çoxlu daxili bölünmələr, mübahisələr və böhranlar var. Bir neçə ildir ki, birləşmiş Avropanı inkişaf etdirən fransız-alman oxu da zəifdir. Bu günə qədər Aİ ABŞ-ın diplomatik hücumunu dayandırmayıb. Təəssüf ki, Tramp administrasiyasını anti-İran kampaniyasını sonrakı səviyyəyə yetişməsinə maneə göstərici yoxdur. Bu, ABŞ-ın xörəkləri hazırlatdıqdan sonra Avropaya qab yudurtmasına bənzəyir. Tərcümə: Strateq.az