AXH-də İNSİDENT: Əhməd Oruc hərəkatdan QOVULDU, Rəhim Qazıyev isə istefa verdi
İki hissəyə ayrılan Azərbaycan Xalq Hərəkatında qanadlardan birinin idarə heyətinin bu günkü iclası barədə mötəbər mənbədən müsavat.com-a bəzi önəmli məlumatlar daxil olub. Həmin məlumatlarda Azadlıq Partiyasının sədri Əhməd Orucla Mirmahmud Mirəlioğlu arasında yaşanın insidentin birincinin hərəkatdan qovulması ilə nəticələndiyi bildirilir. Mənbənin verdiyi digər məlumatda sabiq müdafiə naziri Rəhim Qazıyevin AXH-dən istefa verdiyi deyilir. Hər iki məlumatı dəqiqləşdirmək üçün adları çəkilən şəxslərlə əlaqə saxlamağa çalışdıq. Ə.Oruc zəngimizə cavab vermədi. Sabiq müdafiə naziri isə danışmaq istəmədi. Amma əvəzində hərəkatın idarə heyətinin digər üzvü, İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı məlumatı təsdiqlədi: “Məlumatlar doğrudur. Əhməd Oruc hərəkatdan kənarlaşdırıldı. Rəhim bəy isə istefa verdi. O, hərəkatda irəliləyişin yetərincə olmadığını dedi. Eyni zamanda, hərəkatın idarə heyətində ciddi problemlərin olduğunu söylədi. O da doğrudur ki, əsas narazılıq Əhməd Oruc və Mirmahmud Mirəlioğlu arasında baş verdi. Əhməd bəy onun haqqında yanlış informasiya vermişdi. İdarə heyəti isə qərar verdi ki, əgər Əhməd Orucun dedikləri öz təsdiqini taparsa, ya Mirmahmud Mirəlioğlu, ya da o, hərəkatdan getməlidir. Qapalı iclasda məsələnin müzakirə edilməsi qərara alındı. Əhməd Oruc iclasda dediklərini sübut edə bilmədi. Nəticədə səsvermə ilə o, hərəkatın idarə heyətindən çıxarıldı”.Hacı Tahir: “Əhməd bəy onun haqqında yanlış informasiya vermişdi”