“BİR DƏFƏ DƏ SINAQDAN KEÇİRİLMƏYİB…” – Rusiyanın tərifli raketlərindən şübhələnirlər
Rusiyada istehsal edilən və texniki imkanları çox yüksək qiymətləndirilən “S-400” Zenit-Raket Komplekslərinin real gücünü şübhə altına alan iddialar ortaya çıxıb. “AzPolitika.info” xəbər verir ki, bu komplekslərin Çin və Türkiyədən sonra 3-cü alıcısı olmağa hazırlaşan Hindistanda sözügedən kompleksin heç də reklam edildiyi qədər effektli olmaması ehtimalı irəli sürülüb. Belə ki, Hindistanın “The Times Now” nəşrində dərc olunan yazıda mütəxəssislərin “S-400”-lə bağlı rəylərinə yer verilib. Həmin rəylər ölkədə ciddi narahatlığa səbəb olub. Yazıda göstərilir ki, Rusiyanın dəfələrlə real hərbi əməliyyatlarda “S-400”-lərin imkanlarını nümayiş etdirmək üçün şəraiti olub. Ancaq nədənsə, bu imkanlardan istifadə edilməyib və artıq “S-500”-ün istehsalına başlanıb ki, bu da “S-400”-lərin dünya bazarındakı pozisiyasını itirməsi və unudulması ilə nəticələnə bilər: “Rusiyanın 2018-ci ilin aprelində Suriyada yerləşdirdiyi “S-400”-lərdən ABŞ-ın “Tomoqavk”-larına qarşı istifadə etmək üçün dəfələrlə imkanları olub. Ancaq Rusiya bunu etməyib. Nəticədə kompleks bir dəfə də real döyüş şəraitində sınaqdan keçirilməyib…” Xatırladaq ki, Hindistan Rusiya ilə həmin komplekslərin alınması üçün 5.4 milyard dollarlıq müqavilə bağlayıb. Artıq məbləğin bir hissəsi Rusiyaya ödənilib. “S-400”-lərin Hindistana gətirilərək tam quraşdırılması prosesinin 2023-cü ildə yekunlaşması nəzərdə tutulsa da, rəsmi Dehli Rusiyanı tələsdirməyə başlayıb. Komplekslə bağlı bu cür şübhəli məqamların gündəmə gətirilməsi isə müqavilə ilə bağlı müəyyən gərginliyin yaranmasına səbəb olub. Onu da qeyd edək ki, Türkiyə üçün ABŞ və ümumilikdə Qərblə münasibətlərin korlanması, hətta müəyyən sanksiyalar bahasına başa gələn “S-400”-lər elan olunan, lakin indiyə kimi real hərbi münaqişələrdə istifadə olunmayan texniki imkanlarına görə analoji ABŞ raketlərindən üstün və qiymətinə görə sərfəli hesab edilir. Həmçinin, bu raket kompleksləri ABŞ-ın “Aegis”, “THAAD” və “Petriot” raketlərindən fərqli olaraq, avtonom rejimdə tətbiq edilə bilər. Belə ki, ABŞ raketlərinin idarə olunması ABŞ-a məxsus peyklər və Almaniyada yerləşən baza vasitəsilə həyata keçirilir. Bu isə o deməkdir ki, həmin raketlərə sahib olan ölkələr ABŞ-ın razılığı olmadan onlardan istifadə edə bilmirlər. “S-400”-lər isə bu sarıdan daha avtonom və praktik sayılır. Bununla yanaşı, ABŞ “Petriot”ları Səudiyyə Ərəbistanının neft qurğularına edilən son hücumlar zamanı olduqca zəif təsir bağışladığından və bu hücumların qarşısını ala bilmədiyindən “S-400”-lərə olan maraq daha da artdı. Lakin göründüyü kimi, bu komplekslərin Rusiya tərəfindən dəfələrlə imkan olmasına rəğmən hələ də hərbi əməliyyatlarda istifadə olunmaması əsaslı şübhələrə yol açıb.