Timoşenko: Müharibəyə hazırlaşmaq lazımdır, düşməni mətbuatla qorxutmaq yox – MÜSAHİBƏ
Oxu.Az-ın suallarına hərbi ekspert, ehtiyatda olan HƏM (Hava əleyhinə müdafiə) generalı Vladimir Timoşenko cavab verir.
- Ermənistana “İskander-M” taktiki-əməliyyat raket komplekslərinin çatıdırılması planlarına dair Moskva və İrəvan arasında aparılan danışıqlar haqqında informasiya Azərbaycan cəmiyyətində kəskin narahatlığa səbəb oldu. Bununla yanaşı, əgər bu silah gətirilərsə, ermənilərin ondan rusların icazəsi olmadan istifadə edə bilməyəcəkləri barədə də fikir mövcuddur. İstənilən halda Azərbaycan ermənilərin bu silahlara sahib olmalarından narazı olmalıdırmı?
- Bu, Azərbaycana qarşı istiqamətlənməyib, bu, mənim nəzər nöqtəmdir. “İskander” bizim uçan aparatlarımıza qarşı bizim ərazidə tətbiq edilə bilməz, axı hadisələrin belə gedişatı hərbi cinayətdir, buna cavabdeh şəxs tribunada cavab verməli olacaq.
- Bəs bu komplekslər kimə qarşı yönəlib?
- NATO-ya qarşı. Bütün bu danışıqlar Rusiyanın bu istiqamətdə atdığı addımların müqəddiməsidir. Baxın görün sonra nə olacaq. Amerika NATO-nun Avropada silahlanmanı artırmaq qərarını qəbul edib. Və Rusiya da buna cavab olaraq öz cinahlarını möhkəmləndirir. Onlar silahları Ermənistanın digər hissəsində, öz hərbi bazalarında yerləşdirəcəklər.
- Nə olur olsun Rusiyanın düşmənimizi silahlandırmasına sakit baxmalıyıq?
- Biz indiyə qədər etdiyimiz kimi müdafiə qabiliyyətimizi möhkəmləndirməliyik. Və erməniləri daha az qorxutmalıyıq. Bizdə alınan silahlarla mətbuatda qürrələnməyi sevirlər. Bunu etmək olmaz. Müharibəyə hazırlaşmaq lazımdır, düşməni mətbuatın vasitəsilə qorxutmaq və yaxud da Azərbaycanda dünyada analoqu olmayan snayper silahının istehsalı barədə məlumat vermək yox. Hamı bilir ki, snayper silahı dovşan ovu üçün nəzərdə tutulmayıb. Belə bir şeyi dərc etmək olmaz. Biz real olaraq güclü olmalıyıq. Yeri gəlmişkən Müdafiə Nazirliyi, Baş qərargah hərbi qüvvənin möhkəmləndirilməsi ilə məşğuldurlar və bu gözəçarpacaq nəticələr verir.
Bir şeyi də qeyd etmək istərdim. Mənə çox zaman: Bizim ordumuz hazırdırmı? sualını verirlər. Mən cavab verirəm ki, ordu hazırdır. Amma dövlət də hazır olmalıdır, yaxşı mobilizasiya ehtiyatları da olmalıdır.
- Müharibəyə hazırlaşan dövlət kimi bizə ilk olaraq hansı silahlar lazımdır?
- Bizə çox yaxşı hücum silahı lazımdır, uçan aparatlar, aviasiyanı məhv etmək üçün müasir etibarlı vasitələr yetərlidir.
- Yeni müharibə ərəfəsində olan həm Azərbaycanı, həm də Rusiyanı silahlandıran Rusiya nə məqsəd güdür?
- Sirr deyil ki, Rusiya erməniyönümlü siyasət tutur. Əgər onlar arasında indiyə qədər imzalanan sənədlərə baxılsa Rusiyanın bitərəf olmaması aydın görünəcək. Hətta Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsində belə fəallıq göstərsə belə. Bu, boş sözdür. Rusiyanı indiki vəziyyət qane edir. O, Azərbaycanı boyunduruqda saxlamaq istəyir ki, biz ondan asılı olaq.
Dünyanın yarısı Rusiyadan üz döndərdikdən sonra, bizə rusiyalı siyasətçilərin səfərlərinin sayı artdı. Kimlər gəlmədi: Dövlət Dumasının, XİN rəhbəri, hətta o təlxək Jirinovski belə. Mən hesab edirəm ki, Azərbaycan öz maraqları naminə vəziyyətdən istifadə etməlidir. İstəsəz bunun adını ticarət də qoya bilərsiniz.
- Düşünürsüz ki, Azərbaycan bu şəraitdə işğal edilmiş torpaqların azad edilməsində Rusiyanın praktiki fəaliyyətinə ümid edə bilər?
- Heç olmasa Dağlıq Qarabağ ətrafında rayonları azad etsin. Bu halda Azərbaycan üzərinə öhdəçilik götürəcək. Əgər bu rayonlar ermənilər üçün “bufer zonası” hesab edilirsə, biz orada silahlı qüvvələr yerləşdirməməyi öhdəmizə götürürük. Onlar isə qoy azad etsinlər.
Mən, bu istiqamətdə hansısa tədbirlərin görüldüyünü eşidirəm, amma heç bir irəliləyiş görmürəm. Rusiya ilə nəzakət mübadiləsi aparırıq, amma real nəticə yoxdur.
Ermənistana “İskander” çatdırılması isə son deyil. Rusiya ora hələ çox şey yerləşdirəcək. Həm də elə belə, “hər ehtimala qarşı”. Bizi yuxarıda dediyim kimi aviasiya və yerüstü hədəflərə zərbə endirmək üçün istifadə edilən taktiki təyinatlı raket kompleksləri narahat etməlidir.