Hakimiyyət Əli Kərimli ilə niyə görüşmür?
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən həftədən başlayaraq ölkədəki siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir. Parlament seçkilərindən az sonra partiya sədrləri ilə görüşlər keçirilməsi hakimiyyətin ölkədəki partiyaların mövqeyinin güclənməsində maraqlı olması, siyasi islahatlar kursunun daha bir təzahürü kimi şərh edilir. Diqqət çəkən məqamlardan biri Prezident Administrasiyasının şöbə müdirinin AXCP sədri Əli Kərimli ilə görüşməməsidir. Siyasi analitiklər hesab edir ki, bu, hakimiyyətin Əli Kərimli ilə hələ də barışmadığını göstərir. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirdi ki, AXCP sədri Əli Kərimli dağıdıcı və anarxist mövqeyində duran bir partiyanın sədridir. Bu partiya daxildə sosial dayaqlarını itirib, daha çox xaricdən idarə olunur, anti-Azərbaycan qüvvələrinin içərisində yer alıb. Belə bir partiya ilə əməkdaşlıq etmək, sadəcə, olaraq mümkün deyil: "Çünki tutduğu xətt, mövqe və göstərdiyi fəaliyyət onun özü-özünü iflasa aparır. Əli Kərimlinin partiyası artıq Azərbaycan siyasi qütbünün tərkib hissəsindən çıxıb, onun tərkib hissəsi kimi fəaliyyət göstərmir. O, daha çox xaricdən idarə olunur. Xaricdə onun iki ruporu var-bir Qənimət Zahid, bir də Sevinc Osmanqızı. Onların vasitəsilə AXCP xaricdən verilmiş reseptə uyğun olaraq fəaliyyətini qurub. Məncə, belə bir partiya ilə əməkdaşlıq etməyə ehtiyac yoxdur. Çünki bu partiya Azərbaycan dövlətinin və xalqının milli maraqlarına deyil, anti-Azərbaycan qüvvələrinin maraqlarına xidmət edir. 2019-cu il sentyabrın 11-də biz də siyasi partiyaların iştirakı ilə bir tədbir keçirdik. Rəsmi şəkildə mən elan etdim ki, biz Əli Kərimlinin rəhbərlik etdiyi partiyanı dəvət etmirik və bu partiya ilə hər hansı şəkildə əməkdaşlıq barədə düşünmürük. Çünki onun mövqeyi bizim təməl prinsiplərimizlə uyğun deyil. Bizim təməl prinsiplərimizin başlıca şərti Azərbaycan dövlətçiliyidir, dövlətin və xalqın milli maraqlarıdır. Bu baxımdan, məncə, Əli Kərimli tamamilə özünü Azərbaycanın siyasi mühitindən və siyasi sistemindən təcrid edib. Əli Kərimlinin görüşə dəvət olunmaması mənim şəxsi fikrimcə, bu amillərlə bağlıdır". /Musavat.com
Qeyd edək ki, Ədalət Vəliyev AĞ Partiyanın sədri Tural Abbaslı ilə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, REAL Partiyasının sədri İlqar Məmmədov, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə görüşüb. Müsavat Partiyasının başqanı Arif Hacılı da görüş üçün dəvət alıb. Məlumata görə, Arif Hacılı görüşün Müsavat Partiyası qərargahında keçirilməsinin daha uyğun olduğu mövqeyindən çıxış edib. Yer məsələsinə görə tərəflər arasında görüş hələ reallaşmayıb. Onu da qeyd edək ki, bütün görüşlər Prezident Administrasiyasında keçirilib.