Fəzail İbrahimlinin vitse-spiker seçilməsi Milli Məclisdə bir ilkdir - Üç deputat
Bu gün keçirilən altıncı çağırış Milli Məclisin ilk iclasında Sahibə Qafarova parlamentin spikeri seçildi. Həmçinin birinci vitse-spiker Əli Hüseynli, vitse-spikerlər Adil Əliyev və Fəzail İbrahimli müəyyənləşdi. Yeni Milli Məclisin rəhbərliyində müxalifət – Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) nümayəndəsi olaraq Fəzail İbrahimlinin yer alması müsbət qarşılandığı kimi xeyli təəccübə də səbəb oldu. Belə ki, müstəqillik dövründə Milli Məclisin vitse-spikerlərindən heç biri müxalifət partiyasının nümayəndəsi olmayıb. Parlamentin idarəçiliyində adətən hakim partiyanın nümayəndələrini, eləcə də bitərəf deputatları görmüşük. Bu ilk haqqında Modern.az-a danışan VHP sədri, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, ölkə başçısı İlham Əliyev Milli Məclisdəki çıxışında çoxpartiyalılıq əsasında parlamentin formalaşdırıldığını diqqətə çatdırdı: “İslahatlar davam edir. Bu, həmin siyasətin göstəricisidir. İqtidar, müxalifət məsələləri xırda söhbətlərdir. Parlament rəhbərliyinin bu cür müəyyənləşməsi hesab edirəm ki, ölkənin taleyi üçün düşərli olar”. S.Rüstəmxanlı cəmiyyətin artıq VHP-ni ana müxalifət adına layiq görməsinə də münasibət bildirib: “Parlamentdə VHP-nin 3 deputatı təmsil olunur. Hakim Yeni Azərbaycan Partiyasından sonra ən çox deputatı olan bizim partiyadır. Ona görə, bu cür adlandırmaqda haqlıdırlar”. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə qeyd edib ki, dünyada Avropa ölkələrinin heç birində belə bir durum yox idi: “İndiyə qədər, adətən parlament rəhbərliyində ancaq hakim partiyanın nümayəndələri və bitərəf deputatlar təmsil olunurdu. Faktiki olaraq, azlığın da təmsilçiliyi olmalı idi deyə, belə bir istiqamət müəyyən edildi. Bu, müsbət tendensiyadan xəbər verir. Parlament rəhbərliyində VHP 3 deputatla təmsil olunurdu və hakim partiyadan sonra əsas partiya idi. Ona görə, irəli sürülən təklifin müstəqillər və hakim partiya nümayəndələri tərəfindən dəstəklənməsi müsbət hal kimi qiymətləndirilə bilər. Parlamentdə digər azlığı təmsil edən partiyaların nümayəndələri komitə sədrlərinin müavini təyin edildilər. Bu da bir irəliləyişdir. Belə ənənə gələcəkdə də davam etdirilməlidir”. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də bu hadisəni Azərbaycanda uğurla başlanan islahat siyasətinin məntiqi davamı olduğunu düşünür: “Hesab edirəm ki, ölkədə vahid Azərbaycan uğrunda bütün qüvvələri, Azərbaycan xalqının gücünü birləşdirərək, çox şeylərə nail olmaq olar. Parlamentdə baş verən dəyişikliklər, inkişafda olan islahatlar ölkəmizi daha güclü edəcək, Azərbaycan xalqının iradəsini əks etdirəcək”.