Parlamentdə müxalifəti onlar təmsil edəcək - SİYAHI
Milli Məclisin yeni tərkibində müxalifət adına iddia edən 7 siyasi partiya təmsil olunacaq. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində parlamentdə yer qazanan partiyalar aşağıdakılardır: Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Respublikaçı Alternativ Partiyası (REAL) Demokratik İslahatlar Partiyası (DİP), Ana Vətən Partiyası (AVP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Böyük Quruluş Partiyası (BQP) Vətəndaş Birliyi Partiyası (VBP) VHP bu partiyalar arasında daha çox yer qazanan təşkilatdır. Partiya 3 nəfərlə Milli Məclisdə təmsil olunacaq – Sabir Rüstəmxanlı, Rafael Hüseynov və Fəzail İbrahimli. REAL, DİP, AVP, BAXCP, BQP və VBP isə hərəyə bir yer qazanıb. REAL istisna olmaqla (bu partiyanı təşkilatın qurucu üzvü Erkin Qədirli təmsil edir) adıçəkilən partiyaları Milli Məclisdə sədrlər təmsil edəcək. DİP-in sədri Asim Mollazadə, AVP-nin sədri Fəzail Ağamalı, BAXCP-nin sədri Qüdrət Həsənquliyev, BQP-nin sədri Fazil Mustafa, VBP-nin sədri isə Sabir Hacıyevdir. Asim Mollazadə ikinci, üçüncü, dördüncü, beşinci, Fəzail Ağamalı birinci, ikinci, üçüncü, dördüncü, beşinci, Qüdrət Həsənquliyev ikinci, üçüncü, dördüncü, beşinci, Fazil Mustafa üçüncü, dördüncü, beşinci, Sabir Hacıyev üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olublar.