DEPUTATLARDAN ÇAĞIRIŞ: “Müharibədir, səfərbər olmalıyıq”

Bu gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində separatçı rejim tərəfindən qondarma prezident seçkiləri keçirilir. Bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir dönəmdə Ermənistan rəhbərliyinin öz niyyətindən əl çəkməməsi ikrah hissi doğurub.

 Bu barədə Modern.az-a danışan Milli Məclis üzvləri isə xüsusilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günündə Ermənistan rəhbərliyinin bu cür addım atmasını təxribat olaraq qiymətləndiriblər.

 Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov xatırladıb, hazırda koronavirusla bağlı dünyada karantin elan olunduğundan beynəlxalq təşkilatların da fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Deputatın sözlərinə görə, buna baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi "seçkilər"in tanınmaması qəbul olunub:

 “Prezident İlham Əliyevin Münhen Konfransında çıxışı qondarma rejimin danışıqlarda iştirakı, daxildə seçkilər keçirib legitimlik qazanmaq cəhdlərinin beynəlxalq hüquqa zidd olduğunu sübut etdi. Hazırda beynəlxalq qanunların tətbiqi məsələsi özü böhran içərisindədir. Beynəlxalq təşkilatlar sazişlərə, beynəlxalq adət-ənənələrə əməl edilməsi, qorunması məsələlərini reallaşdırmalıdırlar. Hazırda bunu edə bilmirlər. Beynəlxalq təşkilatlar öz daxilində böhran yaşadıqlarından, dezinteqrativ proseslərin baş alıb getdiyindən, siyasi maraqların önə çəkilməsindən, ölkələr tərəfindən ciddiyə alınmadığından böhran yaşayırlar. Problem Dağlıq Qarabağda qondarma seçkilərin keçirilməsi deyil. Problem odur ki, biz buna lazım olan reaksiyanı vermək iqtidarında olduğumuz halda beynəlxalq təşkilatlar məsələyə kifayət qədər diqqət yetirə bilmirlər. Biz isə bunu izləməməliyik. Dilimiz, qələmimiz, təsir imkanlarımız var. Təşkilatlar işləməsələr belə lazım olan sənədləri, həqiqətləri, vacib informasiyaları toplayıb, bütün dünyaya çatdırmağa çalışırıq. Bu siyasətdə israrlıyıq və davam etdirəcəyik. Avropa Şurası beynəlxalq təşkilat kimi aprel ayında yığışmayacaq. Koronavirusla bağlı böyük ehtimalla iyun ayında da iclas baş tutmayacaq”.

 NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat lahət İbrahimqızı da Azərbaycan xalqının öz dədə-babalarının başına gətirilən müsibətləri unutmadığını qeyd edib:

 “Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Belə bir məqamda isə Ermənistan hakimiyyəti nə qədər rəzil olduğunu bir daha sübut edir. Dünya pandemiya ilə mübarizə apardığı bir dönəmdə Ermənistan bəşəri dəyərlərdən uzaq olduğunu bir daha sübut etdi. İnsanlıq ölüm və olum arasında mücadilə apardığı bir vaxtda Ermənistan hakimiyyəti işğal etdiyi torpaqlarda yaşayan erməniləri pandemiyanın cənginə atdı. Qondarma Dağlıq Qarabağda "seçkilər" keçirməklə erməni xislətini bir daha dünyanın gözləri önünə sərdilər. Biz deyirik ki, torpaqlarımız işğaldan azad edildiyi təqdirdə ermənilərlə qonşuluq şəraitində yaşaya bilərik. Həqiqətən, biz bunu bacararıq, amma ermənilər əsla öz kinlərindən əl çəkməzlər. Onsuz da Qarabağdakı seçkiləri heç kim tanımır. Ermənilər sadəcə bütün dünyada humanist dəyərlərə zorakılıq edirlər”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə isə bolşevik rejiminin ermənilərin vasitəsilə 1918-ci ildə Azərbaycanda etnik təmizləmə həyata keçirib, minlərlə azərbaycanlı soyqırıma məruz qoyduğunu diqqətə çatdırıb:

 “Bu proses müəyyən vaxtlarda davam edib və Qarabağın işğalında, Xocalıda da həyata keçirilib. Bu mübarizə indi də davam edir. Tək səngərdə deyil, informasiya sahəsində də ermənilər müharibə aparırlar, Azərbaycana qarşı böhtanlar yayır, torpaqlarımızın işğalını qəbul etdirməyə çalışırlar. Bu müharibədir. Müharibə bir neçə müstəvidə gedir. Azərbaycan hökuməti öz xalqını, dövlətini qorumaq üçün hər müstəvidə mübarizə aparmalıdır. Beynəlxalq təşkilatların gücünü, Azərbaycana dost ölkələrin mətbuatını istifadə etməliyik. Zəngin və təşkilatlanmış erməni diasporu beynəlxalq təşkilatları da istifadə edir, Azərbaycana qarşı yalan, böhtan kampaniyası keçirir. Müharibədir, biz buna hazır olmalıyıq, səfərbər olmalıyıq. Dırnaqarası seçkilər də müharibənin tərkib hissəsidir. Ona görə beynəlxalq təşkilatları məlumatlandırmaqla yanaşı bütün vasitələrdən istifadə etməliyik”.






Fikirlər