SSRİ bərpa oluna bilərmi? - ŞƏRHLƏR

Rusiya prezidenti Vladimir Putin bugünlərdə yayılmış müsahibəsində SSRİ-nin mümkün bərpası ilə bağlı qorxulardan, keçmiş sovet ölkələrinin birgə cəhdlərinin hamının xeyrinə olmasından danışıb. Həmin fikirlər müzakirələrə yol açsa da, buna ciddi yanaşmayanlar da var.

 Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosuna deyir ki, bu mövzunu aktual saymır. O, postsovet respublikalarının müstəqil dövlət kimi tarixi bir yol getdiklərini bildirir.

 "Problem ondadır ki, Sovet İttifaqının yaranmasının əsasında kommunist ideologiyası dururdu. Bu cəlbedici ideologiya kimi təbliğ edilirdi, bəzi insanlar ona inanıb dövlət qururdu. Amma indiki mərhələdə birləşdirən ideya, ideologiya yoxdur", – keçmiş nazir deyir.

 Müsahibə oktyabrda götürülsə də, apreldə yayımlanıb. T.Zülfüqarov bu zamanlama ilə bağlı Rusiya və Ukraynada bəzi iddiaların, ehtimalların səsləndiyini, ancaq bunları ağlabatan saymadığını söyləyir: "Rusiyada və Ukraynada analitiklər hesab edirlər ki, Putinin yaxın aylarda Belarusu və Ukraynanı birləşdirmək fikri var. Doğrusu, bu ehtimallara inanmıram. Bayaq dediyim fikirlərə, yəni, birləşdirici ideologiya olmadığına görə inanmıram. Rusiya ciddi şəkildə zəifləyib. Sadəcə, bu, siyasi spekulyasiyadır".

 Siyasi şərhçi Zərdüşt Əlizadə SSRİ dağılarkən ətalət yaşandığını, vaxtilə mövcud olan dövlətin iqtisadi cəhətdən bölündüyünü, əvəzində "bir-birindən bir qədər fərqlənən, amma həm də bir-birinə yaxın quruluşlar" yarandığını deyir.

 O, indiki halda həmin ölkələr arasında inteqrativ əlaqələrin çox aşağı olduğunu, onların heç birinin öz gələcəyini Rusiya ilə vahid dövlətdə görmək istəmədiyini bildirir. Siyasi şərhçi hətta Rusiya ilə ittifaq dövləti müqaviləsi bağlamış Belarusun da bundan qaçdığını vurğulayır: "İndi Putin deyir ki, bəli, xalqlar, dövlətlər qorxmurlar, SSRİ bərpa olunacaq, bir-birinə yaxınlaşmağa cürət edirlər. Ancaq məsələ ondadır ki, xalqlar SSRİ-dən qorxmurdular, onlar bu dövlətin dağılmasını istəmirdilər. SSRİ-ni hakim zümrələr dağıtdı. Xalqlar üçün SSRİ adlanan dövlət çox yaxşı idi. Onlar, sadəcə, siyasi quruluşun yumşalmasını, oğru, kütbeyin partokratların hakimiyyətdən getməsini, mənasız qadağaların götürülməsini, xüsusi mülkiyyət olmasını, çoxpartiyalı sistemin yaradılmasını, azad seçkilər keçirilməsini istəyirdilər".

 Bugünə gəlincə, Z.Əlizadə artıq Sovetlər İttifaqının xalqların yadına düşmədiyini vurğulayır, ən yaxşı halda "o zaman vəziyyət pis deyildi" deyə xatırladıqlarını söyləyir. Siyasi şərhçinin sözlərinə görə, artıq hamı başa düşür ki, SSRİ adlı dövləti bərpa edəcək qüdrətli iradə yoxdur, Rusiya xalqı belə öz iqtidarına nifrət edir.

 Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər son dövrlər postsovet ölkələri arasında yaxınlaşma getmədiyini, əksinə, məsafə yarandığını, bir sıra ölkələrin çağdaş dünyada öz yerini tutmaq üçün addımlar atdığını, təxminən 30 il öncə yaradılmış Müstəqil Dövlətlər Birliyinin isə formal bir quruma çevrildiyini bildirir.

 İ.Qəmbərin qənaətincə, indiki Rusiya hakimiyyətinin "imperialistfason" siyasət yürütməsi xalqları və dövlətləri ondan çəkindirir, ona görə də SSRİ-nin bərpası və ya MDB ölkələrinin yaxınlaşması haqda danışmaq absurddur. Bundan başqa, o, yaxınlaşmaq üçün ortaya müsbət nümunə qoyulmalı olduğunu düşünür. İ.Qəmbərin fikrincə, Rusiyada gerçək islahatlar getsəydi, çağdaş dünyada öz yerini tutmuş demokratik dövlət qurulsaydı, dövlət vətəndaşlarına sayğıyla yanaşsaydı, normal seçkilər keçirsəydi, qonşularla dostluq, qardaşlıq siyasəti aparsaydı, bəlkə də bu deyilənlər haqqında nəzəri də olsa, düşünmək mümkün idi: "Amma bu da yoxdur. Rusiya uğursuz dövlətə çevrilib. Aparıcı dövlətlərlə münasibətləri gərginləşdirib, sanksiyalar altındadır, müstəqil iqtisadiyyat qura bilməyib, neftdən asılı ölkə kimi qalıb. Daha bir səbəb də Rusiyanın qonşu ölkələri özündən asılı vəziyyətə, təsir dairəsinə salmaq üçün yaratdığı etnik konfliktlərdir. Rusiya Dağlıq Qarabağ problemini yaratmaqla Azərbaycanla Ermənistanı özündən asılı vəziyyətə salmağa çalışır. Gürcüstanın ərazisinin önəmli bir hissəsini ayırıb, Moldovada Dnestryanı, Ukraynada Donbas-Luqansk, Krımın ilhaqı problemini yaradıb. Bütün bunlar postsovet ölkələrini Rusiya ilə yaxınlaşmağa cəlb edə bilməz".

 İ.Qəmbər bir məqamı da vurğulayır. O, postsovet respublikalarından bəzilərinin demokratik yolla getmədikləri, xalqın etimadını qazanmadıqları üçün beynəlxalq birliklə münasibətləri inkişaf etdirə bilmədiklərini və bu səbəbdən də Putin hakimiyyətindən asılı vəziyyətə düşdüklərini söyləyir. MSDM rəhbərinin qənaətincə, bu məqam onların maraqlarını bir qədər yaxınlaşdırsa da, başqa şəkildə yaxınlaşmadan danışmaq mümkün deyil.

 Azərbaycan hakimiyyəti isə son 30 ildə balanslı xarici siyasət yürütdüyünü bəyan edir, hər zaman Rusiya ilə münasibətlərinin yaxşı olmasından danışır. Ölkədə çox sayda rus dilində dövlət məktəbləri fəaliyyət göstərir.






Fikirlər