"Rusiya nə qədər səhvlərə yol verəcəksə, NATO bundan ustalıqla istifadə edəcək" — HƏRBİ ekspert

"Rusiya nə qədər səhvlərə yol verəcəksə, NATO bundan ustalıqla istifadə edəcək" — Hərbi ekspert

NATO genişlənməsinin günahını Rusiyada görür

NATO-nun baş katibi Yen Stoltenberq alyans ölkələrinin müdafiə nazirlərinin yığıncağında bildirib ki, NATO-nun şərqə doğru genişlənməsi Rusiyanın Ukraynadakı hərəkətlərinə cavabdır.

NATO-nun genişlənməsi və Rusiyanın apardığı siyasətlə bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:

"Postsovet məkanında baş vermiş hadisələr NATO-nun keçmiş SSRİ ərazisinə daxil olmağa şərait və imkan yaratdı. Faktiki olaraq bundan əvvəl Varşava müqaviləsi üzvü olan ölkələr idi, bir də NATO. 1949-55-ci illərdə bir-birinə rəqib olan qurumlardan biri yoxdur. Varşava müqaviləsi artıq tarixin yaddaşına qovuşub. NATO isə fəaliyyətdədir. NATO-nun başlıca məqsədlərindən biri postsovet məkanına daxil olmaqdır. Alyans artıq buna nail olub və genişlənməkdə davam edir. Keçmiş Varşava müqaviləsinin ərazilərindən olan Pribaltika, Polşa, Rumıniya, Macarıstan artıq NATO üzvləridir. Bu proses getməkdə davam edir.

NATO faktiki olaraq Ukrayna faktorundan da istifadə edərək genişlənməyə davam edir. Onlar birbaşa Rusiya ilə problem olmasın deyə, asta-asta, xırda ölkələrlə, daha çox Rusiyanın təzyiqi ilə üzləşən ölkələrlə həm hərbi əlaqə qururlar, həm də genişlənirlər. Gürcüstan buna əyani misaldır. 2008-ci ilin məlum hadisələri zamanı Gürcüstandan Abxaziya və Cənubi Osetiyanı ayırıb, onları müstəqil dövlət kimi tanıması Rusiyanın çox böyük tarixi səhvi idi. Bu səhvə cavab olaraq Gürcüstan həm birbaşa, həm də Türkiyə vasitəsi ilə NATO-ya üzv olmağa hazırlaşdı. Rusiyanın növbəti səhvi Krımla, o cümlədən Luqansk və Donetsklə bağlı oldu. NATO-nun baş katibi Yen Stoltenberq indi də bəyan edir ki, bu Rusiyanın hərəkətlərinə cavab addımıdır. Rusiya nə qədər səhvlərə yol verəcəksə, NATO bundan ustalıqla istifadə edəcək.

Cənubi Qafqazda artıq NATO var. Birmənalı olaraq əgər keçmiş SSRİ məkanını götürsək, Gürcüstanın timsalında Cənubi Qafqazda NATO var. Gürcüstanda həm təlim mərkəzinin, həm də texnika və şəxsi heyətin olması NATO-nun Cənubi Qafqazda olması deməkdir. NATO ölkələri müdafiə nazirləri şurasında baş katib Yen Stoltenberq dedi ki, Rusiyaya qarşı cavab addımları atılır və bu addımlar bütün müttəfiqlər tərəfindən dəstəklənir. Pribaltikada baş verənlərlə bağlı artıq orada gücləndirmə işləri gedir.

Bütün bunlar beyin mərkəzlərinin, institutların hazırladıqları və uzun müddətə hesablanmış analizlərin nəticəsidir ki, biz bu gün onların canlı şahidləriyik. Bu proses davam edəcək, çünki hər addımda Rusiya maneələrlə qarşılaşır. Dünyada heç kim də Rusiyanı dəstəkləmir.

Sabah Moskvada MDB müdafiə nazirlərinin iclası keçiriləcək. Orada Azərbaycan da iştirak edəcək. Gələcək üçün bu quruma da ehtiyac qalmayacaq. Ölkələr artıq bilir ki, qeyri-səmimi siyasət aparan Rusiyaya bel bağlamaq olmaz. Putin bu gün gözlənilmədən Rusiya silahlı qüvvələrinin yoxlanılması əmrini verib. Bu çox nadir hallarda baş verir. Rusiya narahatdır. Rusiyanın siyasəti iflasa uğrayır.

Bəziləri elə bilir ki, biz Rusiyanın əleyhinəyik. Biz heç zaman Rusiyanın əleyhinə olmamışıq. Rusiyanın apardığı yanlış siyasətin əleyhinə olmuşuq. Bu siyasət də fəlakətlə müşaiyət olunur. Əgər belə davam edəcəksə, Rusiya gələcəkdə çox böyük problemlərlə üz-üzə qalacaq. NATO-nun da geniş anlamda tərəfdarı deyiləm. NATO Dağlıq Qarabağ məsələsində gah deyir ki, bu problemi ATƏT-n Minsk qrupu həll etməlidir, gah narahatçılıq bildirir, gah da lazımsız tövsiyyələr verir".






Fikirlər