"Rusiyanın Pribaltikaya hücum təhlükəsi hər zaman var" — HƏRBİ ekspert
Rusiya 60 saat ərzində Pribaltikanı zəbt edə bilər. Bu sözləri ABŞ müdafiə nazirinin müavini Maykl Karpenter deyib. Maykl Karpenter bildirib ki, Rusiya Pribaltika ölkələrinə hücum edərsə, NATO vaxt və məsafə baxımından uduzacaq və bu ölkələrə heç bir kömək edə bilməyəcək. Son zamanlar dəfələrlə Rusiya hərbi təyyarələri Pribaltika ölkələrinin hava sərhədlərini pozub. Yaxın günlərdə hətta Rusiya hərbi təyyarələri ABŞ hərbi gəmisinin üstündən uçuşlar həyata keçiriblər. Pribaltika ətrafında gedən təhlükəli hərbi oyunlarla bağlı hərbi ekspert Üzeyir Cəfərov öz fikirlərini Ölkə.Az-la bölüşüb: "Nəzəri baxımdan hər şey mümkündür, ancaq praktiki baxımdan Rusiya hər hansı bir addımı atmayacaq. Ona görə ki, Pribaltika ölkələri NATO-nun üzvüdürlər. NATO-nun nizamnaməsinə əsasən NATO üzvü olan ölkələrin hər birinə qarşı yaranan təhlükə fonunda NATO addımlar atmağa borcludur və atacaq. Rusiyanın Pribaltikaya hücum təhlükəsi hər zaman var. Rusiya həm ərazisinə, həm əhalisinin sayına, həm də qoşunlarının sayına görə Pribaltika ölkələrindən qat-qat üstündür. Rusiya zor tətbiq etmək istəsə, bunu edə bilər. Dünən Rusiyanın Belarusdakı səfiri açıqlama verib ki, Rusiyanın Belarus ərazisinə qoşun yığmasının səbəbini Ukraynadan gözlənilən təhlükə ilə bağlayırlar. Halbuki, Ukraynanın başı öz problemlərinə qarışıb. Ukrayna ərazi bütövlüyünü necə təmin etməli olduğunu düşünür. Ukrayna prezidenti Petro Poroşenkonun Nadejda Savçenko həbsdən buraxılandan sonra söylədiyi söz Putini narahat edir. Poroşenko belə bir söz işlətdi ki, Nadejda Savçenkonu qaytardığımız kimi Krımı və işğal altında olan digər torpaqlarımızı da qaytaracağıq. Rusiya nüvə dövlətidir, böyük dövlətdir, ancaq onun Pribaltikaya qarşı hərəkətləri rəsmi Moskvaya baş ucalığı gətirmir. ABŞ müdafiə nazirinin müavini Maykl Karpenterin "Rusiya 60 saat ərzində Pribaltikanı zəbt edə bilər" deməkdə məqsədi odur ki, o ərazilərin müdafiəsini möhkəmləndirsinlər. Polşa və Rumıniyada bununla bağlı müəyyən işlər görülüb. NATO-nun Pribaltika və Rusiya ilə həmsərhəd olan ölkələr üçün çox geniş planı var. Bu plana raket əleyhinə sistemlərin quraşdırılması, NATO üzvü olan həmin ölkələrin döyüş hazırlığını yüksəltmək daxildir. Ona görə də, Rusiya Pribaltika ölkələrinə hücum etsə, çox sərt addımlarla qarşılaşacaq".