"Əgər Rusiya ABŞ-dan güclü olsa idi..." — HƏRBİ ekspert
NATO-nun Avropadakı qoşunlarının yeni baş komandanı general Kertis Skaparotti Senatda keçirilən dinləmələrdə bildirib ki, Rusiya ABŞ üçün ən böyük təhlükədir. Yeni baş komandan general Kertis Skaparottinin bu sözləri birmənalı qarşılanmayıb. Bəzi ekspertlər bunu ABŞ-ın Rusiyadan çəkinməsi kimi şərh edib. Bununla bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb: "Rusiyanın ABŞ üçün ən böyük təhlükə olması o demək deyil ki, Rusiya ABŞ-dan güclüdür. Sadəcə olaraq ABŞ-ın müttəfiqləri, dostları ilə bağlı həyata keçirmək istədiyi planlarda Rusiya həmişə böyük əngəl rolunu oynayıb. General Kertis Skaparotti Ukrayna ilə bağlı bildirir ki, ABŞ Ukraynanı müdafiə etməlidir. ABŞ-ın istəyi ondan ibarətdir ki, Ukrayna NATO-nun üzvü olsun. Ancaq Rusiya bunu istəmir, daxildə Ukraynanı qarışdırır, o cümlədən Gürcüstanla bağlı. NATO-nun, ABŞ-ın istəyi ondan ibarətdir ki, Gürcüstan Cənubi Qafqazda NATO-nun üzvü olsun. Rusiya bunu istəmir, buna görə də, Cənubi Osetiya və Abxaziya problemini yaratdı. Bizim regionda hər kəs görür ki, Rusiya necə canfəşanlıq edir. Rusiya ABŞ-dan güclü olsa idi ABŞ-a da meydan oxuyardı. Sadəcə olaraq yeni baş komandan deyir ki, Rusiya ABŞ üçün ən böyük təhlükədir. ABŞ-ın həyata keçirmək istədiyi məsələlərdə Rusiya həmişə problem rolunu oynayır. Rusiyanın ABŞ-dan güclü olduğunu düşünmürəm. ABŞ Rusiyadan daha məsuliyyətlidir. Bu gün dünyanı məhv edə biləcək iki böyük güc var. Bu ABŞ və Rusiyadır. Hərbi dildə desək, Varşava müqaviləsi idi, indi isə NATO-dur. Varşava müqaviləsi tarixin yaddaşına köçüb, NATO isə qalıb və getdikcə daha da güclənir. NATO Rusiyanın özünü Varşava müqaviləsinin varisi kimi aparmasını həzm edə bilmir. Ona görə ki, Varşava müqaviləsi artıq yoxdur, ancaq Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradır, oraya öz generalı Nikolay Bardyujanı rəhbər qoyur. Rusiya Baltikyanı ölkələrə və Polşaya da problemlər yaradır. Rusiya ABŞ-dan güclü deyil. Rusiya ABŞ-dan güclü olsa idi, indi tamam başqa mənzərəni müşahidə edərdik".