"ARTIQ hər an NATO-Rusiya toqquşması BAŞ verə bilər" — Ekspert rəyi
Rusiya Şimal Buzlu Okeanı hövzəsində 16 ədəd nüvə başlıqlı raketin sınağını keçirəcək Rusiya Arktikaya yeni sualtı qayıqlar göndərib. 170 metr uzunluğunda olan "Borey" tipli sualtı qayıqlar nüvə başlıqlı raketlər daşıyırlar. Rusiya bu təlim zamanı sualtı qayıqlardan buraxılacaq uzaq mənzilli 16 ədəd nüvə başlıqlı raket də sınaqdan çıxaracaq. Hərbi ekspertlər bunu Rusiyanın ABŞ-a güc göstərməsi kimi qəbul edir. ABŞ-ın buna cavab olaraq atacağı addım maraqla gözlənilir. Bununla bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb: "Dünya düzənində əvvəlki illərdə müşahidə olunan soyuq müharibədən əsər-əlamət qalmayıb. Artıq tərəflər açıq şəkildə bir-birinə əzələ nümayiş etdirirlər. Döyüşlər hələ ki, virtual məkanda olsa da, nəticədə zərbələr təcrübəsi az olan, yeni müstəqillik əldə etmiş ölkələrə dəyir. İstər Rusiya olsun, istər ABŞ olsun, sanki özlərinə poliqon seçiblər. Poliqonda istər quruda, istər suda keçirdikləri təlimlər vasitəsi ilə bir-birinə güc nümayiş etdirirlər. Bu da çox təhlükəlidir. Çünki bunu hansısa bir mexanizm deyil, canlı insanlar idarə edir. Bu insanların hansısa biri səhvə yol verə bilər, bu da çox ağır nəticəyə gətirib çıxara bilər. Əzələ nümayişi qəbuledilməzdir. Bəziləri hesab edir ki, vəziyyət stabilləşib, ancaq tam əksinə gərginlik artıb. Bundan əvvəl aylarla səfərlərə çıxmayan NATO baş katibi Yens Stoltenberq demək olar ki, dünyada dövrə vurur. Rusiya-Türkiyə gərginliyindən sonra NATO hərəkətə keçib. Artıq hər an NATO-Rusiya toqquşması baş verə bilər. Rusiya Xəzər dənizində təlimlər keçirir, oraya yeni avadanlıqlar gətirir, indi də nüvə başlığı ilə Arktikada təlimlərə başlayır. Faktiki olaraq Şimali Koreya liderinin etdiyi hərəkəti bu gün Rusiya həyata keçirir. Tərəflər arasında razılıq var ki, nüvə silahı tətbiq edilməsin, ancaq Rusiya son 25 ilin ən güclü nüvə sınağını keçirir. Bu sınaq keçirilirsə, bu o deməkdir ki, faktiki olaraq müharibəyə aktiv şəkildə hazırlaşırlar. Bu üçüncü dünya müharibəsi yox, dünyanı geriyə dönməz fəsadlarla üz-üzə qoymaq deməkdir. ABŞ indi buna cavab olaraq hansısa adımlar atacaq, onlar da gücünü Rusiyaya göstərməyə çalışacaqlar. Demək olar ki, soyuq müharibədən əsər-əlamət qalmayıb, nüvə başlıqlarından istifadə edilməsi, bu qədər təlimlər, bu qədər silah-sursatın satılması onu deməyə əsas verir ki, yaxın bir neçə ildə xeyli dövlətlər yer üzündən silinə bilər, bəzi yeni dövlətlər yarana bilər. Təki bu təhlükə bizlərdən uzaq olsun. Rusiya ilə NATO-nun baş-başa gəlməsi dünyada yeni düzənin yaranmasına gətirib çıxara bilər. Dünya dövlətləri çalışmalıdır ki, ABŞ-la Rusiya 1980-ci illərin sonundakı razılaşmaya qayıtsınlar, ümumiyyətlə nüvə silahlarından əl çəksinlər. İndiki vəziyyətdə nüvə silahlarından istifadə etmək milyonlarla yox, milyardlarla insanları yer üzündən silə bilər". AzerTaym.az