Ermənistanda qarşıdurma PİK həddə:“Hakimiyyət dəyişikliyi BAŞ VERƏCƏK"

İşğalçı ölkədə hökm sürən pandemiya xaosu, iqtisadi böhran və siyasi zidiyyətlər şiddətlənir” 
 
“Hazırkı Ermənistan iqtidarına müxalif mövqedə dayanan qüvvələrin az qala hamısı Paşinyana qarşı birləşməkdədir”
“İşğalçı Ermənistanda baş verən prosesləri diqqətlə izləməliyik. Çünki bu ölkədə baş verən bütün ictimai-siyasi proseslər bu və ya digər şəkildə Qarabağ problemi ilə kəsişir”. 
Bu sözləri “Sherg.az”a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. 
Partiya sədri bildirib ki, hazırda Ermənistanda hökm sürən pandemiya xaosu, iqtisadi böhran və siyasi qarşıdurmalar pik nöqtəyə çatıb: 
“Bütün proseslər onu göstərir ki, işğalçı ölkədə tezliklə növbəti hakimiyyət dəyişikliyi baş verəcək. Hərçənd ki, baş nazir Nikol Paşinyan öz hakimiyyətinin ömrünü uzatmaq və onu devirmək istəyən siyasi gücləri neytrallaşdırmaq üçün bütün vasitələrə əl atır, var gücü ilə mübarizə aparır. Ancaq onun opponentləri də bekar oturmurlar. Hazırkı Ermənistan iqtidarına müxalif mövqedə dayanan qüvvələrin az qala hamısı Paşinyana qarşı birləşməkdədir. Əksəriyyəti Rusiyameylli olan erməni müxalifət qüvvələri sabiq prezident Robert Köçəryanın həbsdən buraxılmasından sonra daha da fəallaşıblar. Başqa sözlə desək, Ermənistanın gələcəyini Rusiyasız təsəvvür etməyən qüvvələr revanş götürüblər. “Çiçəklənən Ermənistan” parlament fraksiyasının rəhbəri Armen Abovyanın növbədənkənar seçkilərin keçirilməsini tələb etməsi və “erməni xalqının iradəsi və seçimi göstərəcək ki, kim siyasi meyitdir” deməsi də bir daha onu göstərir ki, rusiyapərəst qüvvələrin geri çəkilmək niyyəti yoxdur”. 
 
Politoloq vurğulayıb ki, hazırda Ermənistanda sözün əsl mənasında siyasi ölüm-dirim savaşı gedir: 
“Qərb və Kreml də İrəvanda baş verən siyasi qarşıdurmaları diqqətlə izləməkdədir. Çünki hər iki tərəfin Ermənistanın siyasi perspektivləri ilə bağlı öz planları var. Belə bir gərgin durumda Qarabağ məsələsi yenidən gündəmə gələ bilər. Həm Paşinyan iqtidarı, həm də bütövlükdə erməni müxalifəti xaricdən gələn diktə əsasında “Qarabağ kartı”ndan yararlanmağa çalışa bilərlər. Biz Ermənistanın siyasi qüvvələri və iqtidarının Qarabağ məsələsindən növbəti dəfə öz siyasi maraqları üçün istifadə etmələrinə yol verməməliyik. Torpaqlarımızın işğaldan azad edilməsi üçün yaranan fürsətləri düzgün dəyərləndirməyə çalışmalıyıq”.
 






Fikirlər