“Serbiya tərəfi serbləri öldürən silahların dost ölkələr tərəfindən verildiyini bilsəydi, nə edərdi?”- ELDAR HƏSƏNOV

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfiri Eldar Həsənov Serbiyanın nüfuzlu “Balkanin” xəbər portalına müsahibə verib. Bu barədə səfirliyin press-relizində xəbər verilir və müsahibənin tərcüməsi təqdim olunur. E.Həsənov müsahibədə son günlərin aktual mövzularından biri olan Serbiyanın Ermənistana silah satması məsələsinə də toxunur.

Bu aktuallığı nəzərə alaraq, səfirin müsahibəsini sizlərə təqdim edirik:

– Ermənistanın Çexiyadakı səfiri Aşot Ovakimyan Azad Avropa Radiosuna müsahibəsində serb şirkətləri tərəfindən Ermənistana silahların satışını şərh edərkən, bu sahədə heç bir məhdudiyyətin olmadığını və Ermənistanın etibarlı tərəfdaş kimi nüfuza sahib olduğunu bildirmişdir. Bu barədə fikirlərinizi bölüşə bilərsiniz?

– İlk öncə qeyd etmək istərdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT çərçivəsində bir sıra qətnamələr qəbul edilmişdir. Onların içərisində silah təchizini ehtiva edən müddəalar da var. Bu xüsusda BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 nömrəli qətnaməsini xüsusi qeyd etmək istərdim. Bu qətnamədə BMT Təhlükəsizlik Şurası Ermənistanla Azərbaycan arasındakı gərginlikdən ciddi narahatlığını ifadə edir. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası hərbi əməliyyatların güclənməsini və Azərbaycanın Ağdam rayonunun işğalını narahatlıqla qeyd edir. Qətnamənin əməliyyat hissəsində Azərbaycan Respublikası ərazilərinin, o cümlədən Ağdamın işğalı və Azərbaycanın mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsinin pislənilməsi əks olunur. BMT Təhlükəsizlik Şurası, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü və əraziləri əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha təsdiqləyərək, dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır, yolverilməz hesab edir.

Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi beynəlxalq səviyyədə tanınır. BMT Təhlükəsizlik Şurası dövlətləri Ermənistana silah təchizatından çəkindirir. Qətnamənin bu bəndində məqsəd Ermənistanın Azərbaycan ərazilərinin işğalının və münaqişənin intensivləşməsinin davam etməsinin qarşısını almaqdır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəccüblü deyil ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin unutdurulması üçün səy göstərir, məhəl qoymamağa çalışır.

Burada xüsusilə qeyd edilməlidir ki, Ermənistan Azərbaycana qarşı aparılan müharibə zamanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində bir sıra öhdəlikləri kobud şəkildə pozmaqda davam edir. Bu başqa bir suveren dövlətə – Azərbaycana qarşı hərbi təcavüz, dinc azərbaycanlıların qətliamı, gəlin 1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlıların soyqırımını, işğal olunmuş ərazilərdə etnik təmizləmə və dinc azərbaycanlı əhaliyə qarşı digər ağır hərbi cinayətləri xatırladaq.

Göründüyü kimi, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz zamanı törətdiyi bir sıra cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır.

Yeri gəlmişkən, 12 iyul hadisələri onu göstərdi ki, bu ölkə 1990-cı illərin əvvəllərində olduğu kimi, hərbi gücdən xaincəsinə istifadə edərək yenidən hərbiçilərimizlə yanaşı mülki obyektləri və şəxsləri hədəf seçdi. Həm hərbi, həm də mülki əhali arasında itkilərimiz oldu. Lakin Azərbaycan silahlı qüvvələrinin peşəkar cavab tədbirləri nəticəsində hücum edən tərəf ciddi itkilər verərək geri çəkilməyə məcbur oldu.

Buna görə də Ermənistan, əsassız bəyanatlarına baxmayaraq, beynəlxalq öhdəliklərinə sadiq qalan bir ölkə kimi qəbul edilə bilməz. Əksinə, Ermənistan mülki şəxslərə hücum edən təcavüzkar ölkə kimi bir daha “şöhrət” qazandı.

– Buna görə dövlətləri Ermənistana silah satmaqdan çəkinməyə çağırırsınız?

– Tamamilə doğru. Burada biz yuxarıda izah etdiyim kimi, beynəlxalq hüquqdan, beynəlxalq sənədlərdən çıxış edirik. Təsadüfi deyil ki, Serbiyanın da dəstəklədiyi BMT Baş Assambleyasının 62/243 nömrəli 2008-ci il tarixli qətnaməsində bəyan edilmişdir ki, “heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni tanımamalıdır və bu vəziyyətin olduğu kimi qalmasına kömək və yardım etməməlidir”. Silah təchizatı, 2020-ci ildə də təkrarlandığı kimi, Azərbaycan ərazilərinin işğalı vəziyyətinin olduğu kimi qalmasına və bu ölkənin dinc azərbaycanlılara qarşı təcavüzünün davam etməsinə töhfə verir.

Serbiya tərəfi serbləri atəşə tutan və öldürən silahların məhz bəzi dost ölkələrin və strateji tərəfdaşlar tərəfindən verildiyini bilsəydi, nə edərdi? Anlayırsız, bu bizim üçün çox ciddi və həssas bir məsələdir. Və təəccüblü deyil ki, Serbiya silahlarının Ermənistana verilməsi Azərbaycan tərəfində məyusluq və dərin təəssüf doğurdu.

Buna görə də Azərbaycan tərəfi Serbiya tərəfindən ölkələrimiz arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq ruhuna uyğun olaraq Ermənistana silah təchizatı məsələsinə rəsmi qiymət verilməsini gözləyir.

– Və nəhayət, son sual. Xüsusilə Ermənistan-Azərbaycan sərhədində son hadisələr fonunda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin perspektivlərini necə qiymətləndirirsiniz?

– Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə sadiq qalır. Bəs erməni tərəfi nə edir? Ermənistanın yeni baş naziri Nikol Paşinyan öz hərəkətləri və ziddiyətli bəyanatları ilə ATƏT-in Minsk Qrupunun sülh yolu ilə danışıqlar prosesinə ciddi zərbə vurur və bunula status-kvonun saxlanılmasına çalışır. Bu da öz növbəsində regionda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ancaq mən qəti əminliklə deyə bilərəm ki, Azərbaycan bütün işğal olunmuş ərazilərini qeyd şərtsiz geri qaytaracaq. /Gununsesi.info  

 






Fikirlər