24 illik Əsgərov hakimiyyətinin SONU: “Təmizlik” onu XİLAS EDƏCƏKMİ?!

24 illik Əsgərov hakimiyyətinin sonu: “Təmizlik” onu xilas edəcəkmi?

Prezident İlham Əliyevin avqustun 8-də koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədən sonra “Azərbaycan Hava Yolları”(AZAL) QSC-nin rəhbəri Cahangir Əsgərov gündəmdən düşmür. 

Səbəb isə müşavirədə AZAL-ın ölkə başçısı tərəfindən sərt tənqid olunmasıdır. Yenisabah.az xatırladır ki, Prezident müşavirədə dövlət büdcəsindən AZAL-a əhəmiyyətli yatırımların edilməsinə baxmayaraq, qurumun mənfəət vermədiyini bildirib. “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, - deyə ölkə başçısı vurğulayıb.

İlham Əliyevin bu çıxışından dərhal sonra Cahangir Əsgərovun da sabiqlərin sırasına qoşulacağı barədə iddialar səsləndirilməyə başlayıb. Eyni zamanda onun biznes imperiyası barədə başgicəlləndirən faktların ictimailəşdirilməsi prosesinə start verilib. Demək olar ki, hər gün AZAL rəhbərinin biznesi, irimiqyaslı korrupsiya əməliyyatları barədə materiallar tirajlanır.

Müşahidələr göstərir ki, Cahangir Əsgərov da kareyrasının son akkordlarını vurur. Yayılan məlumatlara görə, o, özünü sığortalamaq üçün AZAL-da təmizləmələrə start verib. Bildirilir ki, qurumun Təhlükəsizlik Baş idarəsinin rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayılov və Əli Qurbanəliyev tutduğu vəzifədən azad edilib. Həmçinin  Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilməsi ilə bağlı ərizəsi alınıb. AZAL-dan xəbəri nə təkzib, nə də təzdiq ediblər. Bu da informasiyanın fake olmadığına şübhələri artırır.

Cahangir Əsgərov 1996-cı ildən AZAL-ın rəhbəridir. O, 24 illik karyerası dövründə dəfələrlə tənqid hədəfinə gəlib. Bu baxımdan, hakimiyyət islahatlar kampaniyasına başlayanda mediada və sosial şəbəkələrdə işdən çıxarılmalı olan məmurlar sırasında Cahangir Əsgərovun adı ilk sıralarda çəkilirdi. O, həm uzun müddət vəzifədə qalan, həm də yaşı 65+ olan məmurlar kateqoriyasına aid olduğundan islahatların ilk dalğasında istefaya göndəriləcəyi gözlənilirdi. 

 

Lakin islahatların ilk mərhələsində Cahangir Əsgərov özünü qoruya bildi. Onun Novruz Məmmədov, Ramil Usubov, Ramiz Mehdiyev, Əli Həsənov, Hacıbala Abutalıbov və digər yaşlı, eyni zamanda uzun müddət vəzifədə qalan məmurlardan fərqli olaraq postunda saxlanılması islahatların əslində imitasiya xarakteri daşıdığı və qrup maraqlarına xidmət etdiyi barədə mülahizələrə səbəb oldu. Amma bunu hakimiyyətin birdən-birə radikal islahatlara getməyin riskli olması və dəyişikliklərin mərhələli şəkildə aparılması planı ilə əlaqələndirənlər də oldu. Ölkə başçısının son müşavirədə AZAL-ı sərt tənqid etməsi bu mülahizənin daha inandırıcı olduğunu və islahatların heç bir qurumdan, o cümlədən AZAL-dan yan keçməyəcəyini bir daha ortaya qoydu.






Fikirlər