AZAL-da MAAŞLAR 2 AYDIR VERİLMİR- Cahangir Əsgərov isə Batumidə otel tikdirir

AZAL-da MAAŞLAR 2 AYDIR VERİLMİR- Cahangir Əsgərov isə Batumidə otel tikdirir İşçilərin maaşı banklarda dövriyyəyə buraxılır.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) işçilərinə əmək haqqı verə bilmir. Minval.az saytının məlumatına görə, bu barədə sosial şəbəkələrdə xəbər yayılıb. Məlumatda deyilir ki, AZAL-ın “Azəraeronaviqasiya” və Mühafizə Xidməti əməkdaşları iki aya yaxındır ki, məvacib ala bilmirlər.
İşçilər bildiriblər ki, sonuncu dəfə sentyabr ayının məvacibi oktyabrın ortasında verilib və o vaxtdan maaş ala bilmirlər. Müqaviləyə görə isə onlara hər ayın 15-dən gec olmayaraq məvacib verilməlidir. Qeyd edək ki, “Azəraeronaviqasiya” AZAL-ın ən gəlirli şöbələrindən hesab olunsa da, məvacib problemlidir. Əməkdaşlara bildiriblər ki, məvacib dekabrdan tez olmayacaq. Minval.az xəbəri verən mənbəyə istinadən onu da bildirib ki, məvaciblərin gecikməsinə səbəb pulların C.Əsgərovun biznes işləri üçün dövriyyəyə buraxılmasıdır. Deyilənə görə, rəhbərlikdə təmsil olunan şəxslər maaşı gecikdirərək özlərinə yaxın banklarda dövriyyəyə buraxırlar.


Başqa bir mənbənin məlumatına görə, AZAL-da çalışan yüzlərlə işçi neçə vaxtdır maaşsız qalsa da, işini itirməmək üçün ciddi etiraz edə bilmirlər. İşçilər deyir ki, AZAL-da maaşların gecikdirilməsi adi haldır. Sentyabr ayında isə ölkə KİV-lərində AZAL-da kütləvi narazılıq olması barədə xəbərlər dərc edilmişdi. Həmin xəbərlərdə deyilirdi ki, maaşların azaldılacağından xəbər tutan bir qrup əməkdaş buna etiraz olaraq işi boykot edərək tətilə başlayıb. Əsas narazılıq AZAL-ın Nəzarət Buraxılış Xidmətinin işçiləri arasında baş qaldırıb. Məlumatlarda o da bildirilirdi ki, Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL-da çalışan işçilər arasında maaşından razı olmayan xeyli sayda insan var. Onlar həm məvaciblərinin azlığından, həm də iş rejimindən, əmək hüquqlarının pozulmasından şikayətçidirlər.
AZAL-da MAAŞLAR 2 AYDIR VERİLMİR- Cahangir Əsgərov isə Batumidə otel tikdirir
C.Əsgərov iqtidarda ən imkanlı məmurlardan biri hesab olunur. 1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru olan C.Əsgərovun xaricdə də biznesi var.
Son aylar AZAL prezidenti Batumi akvaparkının yaxınlığında yerləşən, sahəsi 21 min kvadratmetr olan “Gazelli Hotel” tikdirir. Hazırda hotelin tikintisi tamamlanmaq üzrədir və 2015-ci ildə istifadəyə veriləcək. Məlumatlar var ki, Cahangir Əsgərovun hakimiyyətdəki mövqeyi xeyli laxlayıb. Mənbə bildirir ki, xüsusilə hakimiyyətdə nüfuz sahibi olan Naxçıvan klanı uzun müddətdir ki, onun vəzifədən uzaqlaşdırılmasına çalışırlar.






Fikirlər