İki yüksək rütbəli məmur yuxarıların hədəfində
Son günlər iki vəzifəli şəxsin- "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cahangir Əsgərov və Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmovun adı mətbuatın gündəmindən düşmək bilmir ki, bilmir.
Qeyd edək ki, hər iki məmur biznes fəaliyyəti ilə məşğul olmaqda, o cümlədən büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunurlar. Məlumat üçün bildirmək istəyirik ki, Cahangir Əsgərov vəzifəsinin verdiyi səlahiyyətlərdən lazımınca yararlanaraq ötən illər ərzində özünə geniş biznes şəbəkəsi yaradıb.
Lakin bir neçə ay əvvəl Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QXDK) "AZAL" rəhbərinin nəzarətində olan "Qazelli" şirkətinin qanunsuz lotereya keçirdiyini elan edib. Komitənin keçirdiyi nəzarət tədbirləri nəticəsində "Qazelli İnternational" MMC tərəfindən stimullaşdırıcı lotereyanın qanunsuz təşkili aşkar edilib. Qurumun açıqladığı məlumatda bildirilib ki, şirkətə lotereyanın dayandırılması barədə göstəriş verilib, vətəndaşlara bu aksiyanın qanunsuz olması barədə xəbərdarlıq edilib və onlar diqqətli olmağa çağırılıb. Beləcə, Cahangir Əsgərovun həyat yoldaşı tərəfindən idarə olunan şirkətə böyük zərbə vurulub.
Məlumatı olmayanlar üçün bildirək ki, "Qazelli İnternational" MMC 1999-cu ildə təsis edilib və Azərbaycanda yeganə kosmetik məhsulların istehsalçısıdır. Şirkətin rəhbəri Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevadır. MMC-nin nizamnamə kapitalı isə 18,7 milyon manat təşkil edir. Əldə etdiyimiz məlumatlara görə "AZAL" rəhbərinin biznesi təkcə "Qazelli İnternational" MMC ilə məhdudlaşmır.
Məlumatlara görə, Cahangir Əsgərovun biznes şəbəkəsinə bir müddət əvvəl paytaxtda istifadəyə verilən məşhur restoranlardan biri, müxtəlif ticarət obyektləri və "AAFF Park" yaşayış kompleksi də daxildir: "Amma məmurun əsas biznesi xaricdə, xüsusən də Londondadır. QSC sədrinin Londondakı biznesini qızı Cəmilə Əsgərova idarə edir. Cəmiyyət sədrinin əsas qazancı isə sözsüz ki, təyyarə biznesindəndir. O bu biznes vasitəsilə indiyə qədər şəxsi büdcəsinə külli miqdarda vəsait keçirib. Çünki xaricdən alınan təyyarələrin bir neçəsinin qiyməti kağız üzərində formal xarakter daşıyıb. Məsələn, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti 2007-ci ildə "Boeing" korporasiyası ilə yeni 8 avialaynerin alınmasına dair saziş imzalayıb.
Sənədə görə, "Boeing" "AZAL"a 2010-2011-ci illərdə 4 ədəd "B-737-900ER", 2 ədəd "B-767-300ER" və 2 ədəd "B-787-8" təyyarələri satmalı olub. Yeni təyyarələrin Avropa, Asiya və Amerika qitələrinə uçuşu nəzərdə tutulub. "AZAL" 2007-ci ildə 4 ədəd "Boeing 757-200" tipli təyyarə alıb. Hər alınan təyyarələrdə isə külli miqdarda vəsait silinib. Məhz bu tip qanunsuzluqlara görə Cahangir Əsgərovun vəzifədən çıxarılması məsələsi gündəmə gəlib. Deyilənə görə, hökumət daxilində aparılacaq islahatlar çərçivəsində "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri də dəyişdirilə bilər".
Vəzifədən çıxarılması gündəmdə olan digər məmur isə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.
Xatırladaq ki, Elman Rüstəmovun sayəsində ölkəmizin adı bir müddət əvvəl beynəlxalq qalmaqala qarışıb. Daha dəqiq desək, bu yaxınlarda Vyana məhkəməsində Azərbaycan Mərkəzi Bankı və bu ölkənin banknot çapı ilə məşğul olan "OeBS" şirkəti arasında rüşvət sövdələşməsinə dair qalmaqallı məhkəmə prosesi keçirilib: "Elman Rüstəmov və Azərbaycanın adı dünya çapındakı maliyyə maxinasiyasında ciddi şəkildə hallanır. Avstriyanın Mərkəzi Bankı Azərbaycan və Suriyadan valyuta çapı üçün sifarişlər alıb. Razılaşmaya görə, Avstriya bankı həmin ölkələrin milli valyutasını dəyərindən 20 faiz baha çap edib və həmin artıq 20 faiz pul, yəni 19 milyon dollar sifarişçilərin özlərinə - yəni, Azərbaycan və Suriya rəsmilərinə qaytarıb. Eyni zamanda Avstriya Mərkəzi Bankının pulların çapı ilə məşğul olan bölməsinin keçmiş rəsmisi də Azərbaycan rəsmilərinə nəysə verdiklərini etiraf edib".
Elman Rüstəmovun da Cahangir Əsgərov kimi xaricdə biznesi mövcuddur. Qısa araşdırmalar nəticəsində öyrəndik ki, baş bankirin biznesinin özəyini Londondakı şirkətləri təşkil edir və həmin şirkətlərə Elman Rüstəmovun qızı Günel Rüstəmova nəzarət edir. "GYUNEL LİMİTED" və "ALPS s.r.o." kimi şirkətlər il ərzində MB sədrinə böyük gəlirlər qazandırır. Araşdırmalar göstərir ki, bank rəhbərinin oğlu Elçin Rüstəmovun Çexiya və Dubay, o cümlədən offşor bölgələrdə şirkətləri var. Mənbənin sözlərinə görə, Mərkəzi Bankın son zamanlar səlahiyyətində olan vəzifələri layiqincə həyata keçirə bilməməsi yuxarıların diqqətindən yayınmayıb və Elman Rüstəmovun fəaliyyəti nəzarətə götürülüb: "Bank sədrinə bundan əvvəl bir neçə dəfə xəbərdarlıq olunub ki, fəaliyyətindəki nöqsanları aradan qaldırsın. Amma Elman müəllim buna məhəl qoymayaraq öz bildiyi kimi hərəkət edib. Nəticəsi isə göz qabağındadır. Eşitdiyimə görə, Elman Rüstəmov tezliklə vəzifədən alınacaq və onun yerinə gənc kadr təyin ediləcək".
(gündelikbakı.com)