17.02.2014. - Elman Rüstəmovun qara günləri başlayır
AzerTaym.az saytı Virtualaz.orga istinadən xəbər verir ki, Avstriya mənbələrinə görə prosesdə “OeBS” şirkəti ilə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri arasında korrupsiya sövdələşməsi araşdırılacaq.
Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın-manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində “şapka” ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb.
Bu rüşvət və korrupsiya qalmaqalı ilə bağlı Avropa mətbuatı uzun müddət yazıb. Avstriya prokurorluğu iş üzrə 9 nəfər, o cümlədən “OeBS” şirkətinin keçmiş baş direktoru Maykl Volfa qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, mənimsəmə, rüşvət və çirkli pulların yuyulması ittihamları irəli sürüb. Onları 10 ilə qədər həbs cəzası gözləyir. Müttəhimlər həmçinin digər maliyyə cinayətlərinə və vergilərdən yayınmağa dair ittihamları cavablandırmalıdır.
83 səhifəlik ittiham aktında göstərilir ki, “OeBS” şirkəti Azərbaycan və Suriya Mərkəzi banklarının sifarişlərinə əsasən bu ölkələrin milli valyutalarını çap edib. Əvəzində Azərbaycan Mərkəzi Bankının rəhbərlərinə müqavilənin ümumi dəyərinin 20 faizi, Suriya Mərkəzi Bankı rəsmilərinə isə 14 faizi həcmində “şapka” ödənilib. Rüşvət qismində offşor şirkətin hesabına azı 14 milyon avro köçürüldüyünə dair sübutlar var.
Müttəhimlər kürsüsündə həmçinin Avstriya Mərkəzi Bankının keçmiş vitse-qubernatoru Volfhanq Duchatek, Mərkəzi Bankın keçmiş şura üzvü Con Miller, “OeBS” şirkətinin marketinq, satış və idarəetmə departamentlərinin rəhbərləri də yer alır. İşə hakim Georq Osçak baxacaq. Müttəhimləri bir çox tanınmış vəkillər - Manfred Ainedter, Herbert Eyçenseder və digərləri müdafiə edir.
Məhkəmə prosesinin ilk gününün xeyli izdihamlı olcağı gözlənilir, növbəti proses isə gələn həftənin çərşənbə və cümə günlərinə təyin edilib.
“Kuryer” qəzeti cinayət işinin materiallarına istinadən yazır ki, “şapka” pulları Panamada qeydiyyatdan keçən, sahibi kimi İsveçrə vətəndaşlığı olan 73 yaşlı qadın göstərilən “Venkoy” adlı offşor şirkətin hesabına köçürülüb. Lakin hərdən vasitəçilər Bakıdan və Dəməşqdən Vyanaya gedərək “şapka”nı nağd halda da götürüblər.
Prokuror bildirir ki, ittiham olunan şəxslərə qarşı cinayət işinin materiallarından əlavə tutarlı şahid ifadələrinə də malikdir.
Qeyd edək ki, Avstriya prokurorluğu Azərbaycan tərəfdən rüşvəti alan şəxslərə qarşı ittiham irəli sürməyib, ancaq məhkəmə prosesində onların adlarının çəkiləcəyi və digər detalların açıqlanacağı gözlənilir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov indiyədək bu rüşvət qalmqalını şərh etməyib.