"Azercell"də şok korrupsiya üzə çıxdı - Şirkət kadrını dəyişir
Azertaym.az saytı bu barədə “Röyter”ə istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, İsveç prokurorluğu ötən il “TeliaSonera”nın Özbəkistandakı törmə şirkəti “Ucell”in 3G lisenziyası alması üçün bu ölkə prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyini üzə çıxarıb.
Bu araşdırma ilə bağlı ötən ay şirkət dörd yüksək vəzifəli əməkdaşını, o cümlədən maliyyə direktorunu işdən azad edib.
“TeliaSonera”nın sifarişi ilə “Norton Rose Fulbright” hüquq firması şirkətin Avrasiya regionundakı fəaliyyətinə dair geniş aparşdırma aparıb və məlum olub ki, şirkətin Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova və Nepaldakı fəaliyyəti “ədalətli kommersiya praktikası prinsiplərinə uyğun olmayıb”.
“Ədalətli kommersiya prinsiplərinin pozulması” dedikdə söhbətin nədən getdiyi göstərilmir.
“TeliaSonera” dekabrın 16-da bəyan edib ki, şirkətin beynəlxalq əməliyyatlar üzrə rəhbəri Erik Hallberg Avrasiya divizionunun rəhbəri Veysel Aralı əvəz edəcək. Veysel Aral bu vəzifəyə bu ilin fevralında təyn olunmuşdu. Divizionun əvvəlki rəhbəri Tero Kivisiari Özbəkistandakı korrupsiya qalmaqalına görə işdən azad edilmiş və başqa vəzifəyə keçirilmişdi.
Şirkətdəki mənbə bildirib ki, T.Kivisiari ötən ay “TeliaSonera” sistemindən qovulan dörd əməkdaşdan biridir.
Veysel Aral isə “TeliaSonera”nın Avrasiya divizionunun rəhbəri olmazdan əvvəl Qazaxıstanın mobil rabitə operatoru, İsveç şirkətinin törəmə müəsisəsi “K-Cell” şirkətinin rəhbəri idi.
“TeliaSonera” Veysel Aralın işdən çıxarılması ilə bağlı şərh verməyib. Şirkətdən ancaq onu bildiriblər ki, hüquq firmasına sifariş verilən araşdırma təkcə Özbəkistandakı fəaliyyəti əhatə etmir. “TeliaSonera” gözləyir ki, firma təhqiqatlarını 2014-cü ilin birinci kvartalında yekunlaşdıracaq.
Xatırladaq ki, bundan əvvəl İsveç şirkəti “TeliaSonera”nın Azərbaycandakı törəmə şirkəti “Azercell”in abonentlərini kütləvi şəkildə izləməkdə yerli xüsusi xidmət orqanlarına şərait yaratdığı haqda yazmışdı.
Məlum olmuşdu ki, İsveç şirkəti Azərbaycan da daxil olmaqla bir neçə keçmiş sovet respublikasında xüsusi xidmət orqanlarına abonentləri online izləməyə yardım edir. İndi isə söhbət “Azercell”lə bağlı korrupsiya şübhələrindən gedir.