“Azercell”in hamını dinləyən “qara şkaf”ı
Gürcüstanda İsveçin telekommunikasiya nəhəngi "TeliaSonera"nın sahibi olduğu “Geocell” mobil rabitə operatorunun abonentlərin telefon danışıqlarını və elektron yazışmalarını kütləvi şəkildə izlədiyi yenidən gündəmdədir. Azertaym.az “eurasianet.org”a istinadən xəbər verir ki, “Transparensy İnternational-Gürcüstan” təşkilatı “Gürcü arzusu” koalisiyasının təşkil etdiyi hökumətə müraciət edərək bu izləmə praktikasına son qoymağı tələb edib.
Təşkilat bildirir ki, mobil rabitə operatorlarının abonentlərin danışıqlarını, elektron yazışmalarını kütləvi şəkild izləməsi praktikası Saakaşvili hakimiyyəti dövründə başladılıb. Lakin yeni hakimiyyət də bu praktikadan imtina etmir və qanunsuz şəkildə vətəndaşları izləməkdə davam edir. Gürcüstanda bu dinləməni Daxili İşlər Nazirliyi həyata keçirir. Nazirlik ölkədə fəaliyyət göstərən bütün mobil rabitə operatorlarında İsveçin “Ericsson” şirkətinin istehsalı olan “qara şkaf”lar yerləşdirib. Bu şkaflar içərisinə sərt disklər və prosessorlar yerləşdirilmiş xüsusi qurğulardır. “Biz hesab edirik ki, belə şkaflar bütün mobil rabitə operatorlarında quraşdırılıb. Ancaq indiyədək təkcə “Geocell” belə şkafın mövcudluğunu təsdiqləyib” deyə təşkilatın hüquqşünası Marianna Çiku bildirib.
Xatırladılır ki, bir il əvvəl İsveç mətbuatı “TeliaSonera”nın Azərbaycan, Belarus, Tacikistan və digər bu kimi ölkələrdəki törəmə şirkətlərinin yerli xüsusi xidmət orqanlarına abonentləri kütləvi şəkildə dinləməyə imkan yaratdığını yazmışdı. Bu məsələ İsveçdə böyük qalmaqala səbəb oldu, demokratik ölkənin qeyri-demokratik ölkələrdə hakimiyyətlərin insanları kütləvi şəkildə izləməsinə imkan yaratmasına görə hökumətdən izahat tələb olundu.
Həmin qalmaqal zamanı İsveç mətbuatı yazırdı ki, kütləvi izləmə praktikasının ən genişi tətbit olunduğu operatorlardan biri “Azercell”dir. Şirkətin hətta xüsusi xidmət orqanlarının əməkdaşlarına ayrıca otaq ayırdığı və onların istədikləri vaxt həmin otağa daxil olub istənilən abonentin telefon danışığını, elektron yazışmasını və hərəkət marşrutunu online izləyə bildiyi üzə çıxmışdı. “Azercell”də “Ericsson” şirkətinin istehsal etdiyi həmin “qara şkaf”da quraşdırılıb. O vaxt şirkət abonentlərin izlənilməsi üçün hüquq-mühafizə orqanlarına şərait yaratdıqlarını inkar etməmişdi və bildirilmişdi ki, "TeliaSonera" işlədiyi ölkələrdə yerli qanunlara əməl etməyə məcburdur.