22.01.2014. - Üç keçmiş nazir mütəşəkkil cinayətkar dəstənin lideri elan olunur
AzerTaym.az xəbər verir ki, bu ittiham İstanbul prokuroru Celal Karanın hazırladığı iddianamədə yer alır. Hələ hazırlanmaqda olan iddianamədə keçmiş nazirlər Muammer Güler, Zəfər Çağlayan və Egemen Baxışın gəlir əldə etmək məqsədi ilə qurulan, rüşvət, korrupsiya, çirkli pulların yuyulması əməlləri ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanın iyerarxiyasında yer aldığına dair çoxsaylı dəlillər də yer alacaq. Adı korrupsiya qalmaqalında hallanan dördüncü nazir Erdoğan Bayraktara qarşı hələlik belə ittihamların irəli sürülüb-sürülməyəcəyi dəqiqləşməyib. Məlum olub ki, prokuror keçmiş nazirlərin izlənilməsi nəticəsində toplanan dəlilləri-fotoları və telefon danışıqlarını da iddianaməyə əlavə edəcək. Xatırladaq ki, Celal Kara dekabrın 17-də aralarında üç nazir oğlu da olmaqla onlarla məmur və iş adamının həbsinə sanksiya verib. Bu rüşvət əməliyyatı Türkiyə hökumətini sarsıdıb və Ərdoğan kabinetdə dəyişikliklər etməli olub.