Qadınlar NİYƏ ÇOX YAŞAYIR? - “Kişilər enerjini xaricə yönəldir”

Qadınlar niyə çox yaşayır? - “Kişilər enerjini xaricə yönəldir”

Hazırda Yaponiyada yaşı 100-dən çox olan 80 mindən artıq insan var və onların 88 faizini qadınlar təşkil edir. Analoji statistika ilə dünyanın digər ölkələrində də rastlaşmaq mümkündür. Azərbaycanda da yaşlı nəsil təmsilçiləri arasında qadınların kişilərdən sayca üstün olduğu heç kimə sirr deyil.

Maraqlıdır, qadınların kişilərdən daha çox yaşamasının səbəbi nədir?

İxtisasca həkim olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Yenisabah.az-a açıqlamasında qeyd edib ki,  qadınların kişilərdən çox yaşamasının birinci səbəbi kişi fiziologiyası ilə qadın fiziologiyasının fərqli olmasıdır:

“Qadınlar intensiv, kişilər isə ekstensiv varlıqlardır. Yəni kişinin enerjisi xaricə, qadınınkı isə daxilə yönəlir. Bu da ona gətirib çıxarır ki, qadınlar emosiyanı fərqli yollarla-ağlamaq, gileylənmək və s. ötürə bilir. Kişilər isə emosialarını xərcləyə bilmirlər. Ona görə də düşdükləri gərginlikdə bir qayda olaraq bioloji reaksiya üzə çıxır. Proseslərə qadınlar fizioloji reaksiya, kişilər isə orqanik reaksiya verir. Əsas səbəb budur”. 

Həmsöhbətimiz ikinci bir səbəb kimi kişilərin sosial həyatda ən ağır işlərlə məşğul olmasını göstərib:

“Onlar daha stresli işlərlə məşğul olurlar. Məsələn, fiziki əməyin ağır növü, müharibələr və s. buraya daxildir. İnsan daimi olaraq müəyyən bir gərginlikdə yaşadığı zaman istər-istəməz bioloji cəhəttən müəyyən bir “amortizasiya”ya uğrayır. Başqa bir səbəb isə kişilərin dinamik olmasıdır. Qadınlar bir qayda olaraq evdə otururlar. Kişilər isə çalışırlar. Bunu hərəkətlilik baxımından deyirəm. Azərbaycanda evdar qadınların sayı işləyən qadınların sayından 10 dəfə çoxdur. Yəni hərəkət yoxdur. İnsan nə qədər tez mühiti dəyişirsə, bir o qədər tez xəstəliklərə meyillənir. Qadınlar konservativ olduğuna, mühiti az dəyişdiyinə görə qadınlarda innovasiya xəstəliyinə az rast gəlinir. Yəni bunun genetik, sosial, bioloji və s. səbəbləri var.

Məsələn, Amerikada hərbidə 60 faiz, polisdə isə 50 faiz qadın çalışır. Azərbaycanda isə dini və milli adət-ənənələrə əsasən, qadınların polis və digər ağır işlərə cəlb edilməməsi səbəbilə işsizlik faizi qadınlar arasında daha çox görünür. Digər tərəfdən, elə sahələr var ki,orada qadınlar alçaldılır, amma kişilər həmin sahələrdə işləyə bilir. Bu baxımdan orada da qadınlar qeyri-bərabər vəziyyətə düşür”. 

Sərdar Cəlaloğlu Azərbaycanda qadın əməyinin təşkili ilə bağlı dövlət proqramının olmadığını vurğulayıb: 

“Əslində, qadınlar trikotaj sənayesində, aqrar sektorda, yüngül sənayedə, optikada iştirak etməlidirlər. Bu sahələrin heç biri Azərbaycanda inkişaf etməyib. Dediyim kimi, həm milli adət-ənənəmizə, həm də faktiki olaraq Azərbaycandakı situasiyaya görə işsizlərin də, yoxsulların da arasında qadınlar çoxluq təşkil edir. Azərbaycanda qadınların işlədiyi bütün müəssisələr özəlləşdirmədən sonra dağıdıldı. Ona görə də demək olar ki, kənd təsərrüfatında da əvvəlki ənənəvi sahələr yoxdur”.






Fikirlər