Ceyhun Bayramov Ermənistanın Bərdədə törətdiyi qətliamla bağlı həmsədrləri məlumatlandırdı
Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stefan Viskonti ilə telefon danışıqları baş tutub. Yenisabah.az xəbər verir ki, Ceyhun Bayramov həmsədrlərə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması barədə məlumat verib. O, 27-28 oktyabr 2020-ci il tarixlərində Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını vurğulayıb. Nazir Ermənistan silahlı qüvvələrinin münaqişə bölgəsindən uzaqda yerləşən şəhərlərdəki günahsız mülki şəxslərə, o cümlədən uşaqlara və qadınlara xaincəsinə hücum etdiyini bildirib. Nazir Ceyhun Bayramov, həmçinin həmsədrlərə Ermənistan tərəfindən növbəti dəfə törədilən hərbi cinayət nəticəsində mülki əhali arasında ağır tələfat barədə məlumat verib. Nazir həmsədrləri Azərbaycan mülki vətəndaşlarına qarşı bu qeyri-insani hərəkətləri pisləməyə çağırdı. ATƏT-in Minsk Qrupu həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətirdilər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğuladılar.