Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar BƏYANAT YAYIBLAR

ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıblar.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir:
“ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan ilə BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində təkbətək və birgə görüş keçiriblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək və Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsini hazırlamaq olub.
Həmsədrlər ümid edirlər ki, yüksək səviyyəli görüşün keçirilməsi nizamlanmanın digər əsas məsələlər üzrə kompromis qərarların axtarışında tərəflər arasında etimad və siyasi iradənin möhkəmləndirilməsinə kömək edəcək. Nazirlər yaxın gələcəkdə uğurlu sammitin təşkil edilməsində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarının ifadə ediblər. 
Həmsədrlər, yerlərdə və danışıqlar prosesindəki son vəziyyəti müzakirə etmək və prezidentlərin növbəti görüşünə hazırlıq işləri barədə məlumat vermək üçün ATƏT-in baş katibi Tomas Qreminger və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanla görüşüblər. 
ATƏT Minsk Qrupunun həmsədrləri oktyabrın əvvəlində regiona səfəri etmək niyyətindədir”.






Fikirlər