ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın ortalarında Münhen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.
APA-nın məlumatına görə, bunu TASS-a açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
O bildirib ki, həmsədrlər konfrans çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda məsləhətləşmələr aparmaq niyyətindədirlər: "Əgər nazirlər maraq göstərsələr, biz onların birgə görüşünü təşkil edəcəyik”.
Həmsədr qeyd edib ki, ötən yay Sankt-Peterburqda əldə olunan razılaşmaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya-Azərbaycan-Ermənistan formatı üzrə işlər davam etdirilir: "Bu yaxınlarda Dağlıq Qarabağ məsələsi Sergey Lavrovla Edvard Nalbandyan və daha sonra Elmar Məmmədyarov arasında müzakirə olunub. Əgər şərait tələb edərsə, üçtərəfli görüşün keçirilməsi imkanı da yarana bilər".