Azərbaycan və Ermənistanın XİN rəhbərləri yenidən görüşəcəklər
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri gələn ilin əvvəllərində yenidən görüşmək barədə razılığa gəliblər. Azertaym.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa işləri üzrə naziri Tyerri Repentin, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Viktoriya Nuland, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə yönəlmiş birgə işi indiyədək əldə olunmuş razılıqlar əsasında davam etdirmək barədə razılığa gəliblər.
Həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində təmasların bərpasını alqışlayıblar və ümid etdiklərini bildiriblər ki, qarşıdakı görüşlər sülh prosesinin irəliyə aparılmasına kömək edəcək. Onlar tərəfləri bölgədə gərginliyi azaldacaq tədbirlərin görülməsi məsələsini nəzərdən keçirməyə çağırıblar.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yüksək səviyyəli sonrakı danışıqlara hazırlıq görmək üçün 2014-cü ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər. Nazirlər qeyd ediblər ki, bölgə əhalisi həlli çox uzanan münaqişənin həllində tərəqqi gözləyir və buna layiqdir. Nazirlər həmsədr ölkələrin vasitəçilik roluna yüksək qiymət veriblər.