Son 20-25 ildə qəsbkar ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında 15-dək faydalı qazıntı mədənini qanunsuz istismar ediblər. Milli Ordumuzun müzəffər yürüşündən sonra həmin mədənlərdən 13-ü bilavasitə Azərbaycan Respublikasının nəzarətinə keçib.
Moderator.az xəbər verir ki, təcavüzkar Ermənistan nəşrləri bu haqda çox təəssüf hissi ilə məlumat yayıb.
İnformasiyadan o da bəlli olur ki, hələlik ermənilərin əlində qalan 2 mədən rəsmən Kəlbəcər rayonunun ərazisinə daxil olan(1992-ci ilədək Ağdərə rayonuna aid edilib) Heyvalı(“Drmbon”) və Çiçəkli(“Kaşen”) kəndlərindəki mədənlərdir. Qeyd edək ki, Heyvalıdakı mədən mis-qızıl mədəni hesab olunur.
Ermənilər bildirir ki, qondarma separatçı-terrorçu rejimin büdcəsinə xeyli vergi ödəyən Heyvalıdakı mis-qızıl mədəni hazırda ağır durumdadır. Məsələ ondadır ki, keçmiş Ağdərə rayonunun 7 kəndi də Azərbaycanın nəzarətinə keçdikdən sonra həmin mədənin o kəndlərin ərazisindən gələn suyu kəsilib. İşğalçılar vurğulayır ki, əgər Azərbaycan tərəfi ilə danışıqlar aparılmasa, Heyvalı mədənini fəaliyyəti sual altında qalacaq.
Xatırladaq ki, Heyvalı və Çiçəkli mədənlərinin qanunsuz istismarını Zəngilandakı Vejnəli yatağının da qeyri-qanuni hasilatını maliyyələşdirmiş və Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi qaldırılmış Ermənistanın "Valleks qrup" şirkətidir...
P.S. İnşallah, yəqin ki, tezliklə sözügedən iki mədən də Azərbaycanın nəzarətinə keçər və işğalçılar bir daha Qarabağda mədən adı tutmaz...
Sultan Laçın