Kəlbəcərin İŞĞALIndan 26 İL ÖTÜR...

Картинки по запросу kəlbəcərin işğali

Ərazicə ən böyük strateji rayonumuzun əldən getməsi Azərbaycana baha başa gəldi

Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 26 il keçir. 1936 kvadratkilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi, 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi.

Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq Rusiya hərbçilərinin köməyi ilə 1993-cü il aprelin 2-də oranı işğal etdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. Ovaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.

Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın “qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi. Hazırda Kəlbəcər rayonundan olan məcburi köçkünlər Azərbaycanın 44 rayon və şəhərində, o cümlədən Bakıda, Sumqayıtda və Gəncədə məskunlaşıblar.

Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alırdı ki, artıq 26 ildir ermənilər bu təbii sərvətləri talan edirlər.

Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib. Artıq 26 ildir Kəlbəcər rayonunun əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıblar. 1993-cü ilin aprelin 30-da BMT Təhlükəsizlik Şurası Kəlbəcər rayonunun qeyd-şərtsiz azad edilməsi, erməni qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul edib. Lakin bu günədək Ermənistan həmin qətnamələri yerinə yetirməyib. BMT kimi dünyanın ən böyük beynəlxalq qurumu isə verdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana heç bir təzyiq etmir. İşğalçı Ermənistan isə bundan istifadə edərək daha bir məkrli niyyətini - Kəlbəcərdə erməni əhalinin məskunlaşdırılmasını həyata keçirir. Ermənistan həm öz vətəndaşlarını, həm də Suriyadan köç edən erməniləri Kəlbəcər rayonunda məskunlaşdırır. Eyni zamanda son vaxtlar yayılan xəbərlərə görə, Ermənistan Rusiyanın bəzi şirkətlərini Kəlbəcərin dünyaca məşhur olan təbii sərvətlərini - müalicəvi əhəmiyyətli istisuyu, civə və qızıl yatağını işləməyə cəlb edib. Kəlbəcərin təbii sərvətləri bu şəkildə talan edilir.






Fikirlər