ERMƏNİSTAN ƏN ÇOX KİMİN DÖVRÜNDƏ İTKİ VERİB? – Rəsmi statistikada Ter-Petrosyanla Paşinyan “lider”dirlər, ancaq...

Erməni mediası müstəqillik əldə etdikdən sonra Ermənistana rəhbərlik edən Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan və Nikol Paşinyanın hakimiyyətləri zamanı bu ölkənin və qondarma “Dağlıq Qarabağ”ın Azərbaycanla müharibə və atəşkəs dövründə verdiyi itkiləri araşdırıb.

“AzPolitika.info” xəbər verir ki, “Today” nəşri hətta bu məsələylə bağlı Ermənistan Baş Prokurorluğuna sorğu da göndərib.

Məlum olub ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosiyanın hakimiyyəti (1991-1997) dövründə erməni tərəfinin itkiləri təxminən 7 min nəfər olub. Erməni mediası xüsusilə vurğulayır ki, 1991-1994-cü illərdə baş verən müharibə Ermənistanın dağlıq və aran Qarabağı işğal etməsilə nəticələnib, faktiki olaraq azərbaycanlılar bu tarxi ata-baba torpaqlarından qovulub. Nəticədə ermənilər onlara məxsus olmayan Qarabağı “qazanıb”. Erməni mətbuatı bu rəqəmin rəsmi statistikaya təsdiqlənmədiyini bildirsə də həqiqətə tam uyğun olduğunu yazır.

 

 

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryanın hakimiyyəti (1998-2008) illərində Ermənistan və saxta “DQR”in itkiləri cəmi 92 nəfər olub. Bu isə rəsmi rəqəmdir.

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın hakimiyyəti (2008-2018) illərində ermənilərin döyüş itkiləri 228 nəfər olub. Bunlardan 86 nəfəri 2016-cı ilin aprelində baş verən müharibə zamanı həlak olub. Ancaq bu, kifayət qədər müəmmalı rəqəmdir. Çünki 2016-cı ilin aprel savaşında Azərbaycan ordusu cəvhədə ciddi irəliləyişə nail olmasa da, düşmənə kifayət qədər böyük itkilər yaşada bilmişdi.

Ermənistanın indiki (dördüncü) rəhbəri Nikol Paşinyanın hakimiyyəti (2,5 il) dövründə döyüş itkiləri 5, bəzi rəqəmlərə görə isə 7 min nəfərdən çoxdur.

Erməni mediası yazır ki, Levon Ter-Petrosyanın dövründə 7 min erməni hərbçisinin ölümünü anlamaq olar. Çünki həmin vaxt müharibə bir neçə il davam edib və Ermənistan üçün uğurlu nəticə verib.

2020-ci il sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən müharibə nəticəsində 5 mindən çox hərbçinin itirilməsini isə ermənilər anlamaqda çətinlik çəkirlər.

Çünki 26 ildə işğalda saxladlqları ərazilər, o cümlədən qondarma “DQR” əllərindən çıxıb və Qarabağdan qovulan azərbaycanlılar öz vətənlərinə qayıtmaq imkanı əldə ediblər.

“Beləliklə, Ermənistan Baş Prokurorluğunun rəsmi məlumatlarına görə, Ermənistanda və “DQR”-də vəziyyət ölkənin ikinci və üçüncü prezidentləri zamanı daha sabit və təhlükəsiz olub”,- erməni mətbuatı qeyd edib.

Ancaq qeyd edək ki, 44 gün davam edən İkinci Qarabağ Müharibəsində ermənilərin itkilərini yalnız Paşinyanın “ayağına yazmaq” ədalətsizlik olar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsgəri Koçaryan və Sarqsyanın ordusunu məhv edib. Yəni, onlar özləri hakimiyyətdə qalsa idi də, yerlərinə başqa biri gəlsəydi də Ermənistan ordusunun aqibəti eyni olacaqdı...  

Nəzərə alsaq ki, Qarabağda müharibənin başlamasında da bu iki hərbi caninin rolu böyük olub, Ermənistanın son 30 ildəki bütün itkilərini onların “aktivinə” yazmaq olar...

 

 






Fikirlər